Əbulfəz Qarayev hansı məqsədlə Çindədir?
Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində
mayın 25-də Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin
açılışı olmuşdur. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev açılış mərasimində çıxış edərək ölkələrimizin qədim və zəngin
mədəniyyətə malik olduqlarını, bu cür tədbirlərin xalqlarımızı bir-biri
ilə daha da yaxınlaşdırdığını diqqətə çatdırmışdır. Ə.Qarayev əminliklə bildirmişdir ki, çinli sənətsevərlər bu sərgi vasitəsilə
Azərbaycan haqqında daha ətraflı məlumat əldə edəcəklər.
Çin
Mədəniyyət Nazirliyinin rəsmisi xanım Xonq Li ölkələrimiz arasında hələ
qədim dövrlərdən başlamış mədəni əlaqələrin müasir dövrdə yeni mərhələyə
qədəm qoyduğunu demişdir. O, sərginin Azərbaycanın Çində tanıdılması
baxımından əhəmiyyətini vurğulamışdır.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.
Üç
hissədən ibarət sərginin "Azərbaycan: ənənə və müasirliyin qovşağında"
adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı və
təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunmuşdur. Bu
fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı,
Azərbaycanda bədii fotoqrafiya sənətinin, peşəkar fotoqrafiyanın
inkişafını əks etdirməyə xidmət edir.
Azərbaycan xalqının zəngin
geyim ənənələrini özündə əks etdirən milli geyim nümunələri də
qonaqların marağına səbəb olmuşdur. Geyimlər tarixən Azərbaycanın
müxtəlif bölgələrində istifadə olunan paltarların eskizləri əsasında
hazırlanmışdır.
Bundan başqa, sərgidə Bakıdakı miniatür kitab
muzeyindən götürülmüş 500-dək kitab nümayiş etdirilir. Ekspozisiyaya çin
dilində olan kitablar da daxildir.
Könül Aypara