Bakıda “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” adlı elmi konfrans keçirilib
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100" adlı elmi konfrans keçirilib.
Apa-nın xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, konfransın keçirilməsi təqdirəlayiq təşəbbüs kimi qiymətləndirilməlidir: "Eyni söykökümüz, din, dil mədəniyyət birliyimiz, qarşılıqlı əlaqələr qardaşlığımızın, dostluğumuzun inkişafı üçün həmişə əlverişli mühüm zəmin yaradıb. Türkiyə qədim dövlətçilik ənənələrinə malikdir, zəngin keşməkeşli bir yol keçib, öz azadlığı, ərazi-bütövlüyü, suverenliyi uğrunda ağır sınaqlardan keçərək dövlətçiliyini qoruyub saxlayıb və inkişaf etdirib. Çanaqqala döyüşü türk tarixində mühüm yer tutur".
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu konfransın keçirilməsini yüksək qiymətləndirib: "Biz yalançı erməni soyqırımını təbliğ edənlərə "yox" deyirik. Soyqırımı ermənilər Azərbaycan xalqına, Anadolu türklərinə qarşı törədib. Bizdən üzr istəməlidirlər".
Konfransda çıxış edənlər Birinci Dünya Müharibəsinin acı nəticələri və Çanaqqqala zəfəri haqqında danışıblar.
Mediainfo.az