Aqrar Universitetdə Məmmədtağı Cəfərovun  80 illik yubileyi qeyd edilib

Aqrar Universitetdə Məmmədtağı Cəfərovun 80 illik yubileyi qeyd edilib

14 İyul 2016 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Görkəmli torpaqşünas alim, Azərbaycan MEA-nın həqiqi üzvü, ADAU-nun məzunu və rektoru olan akademik Məmmədtağı Cəfərov insanlıqla alimliyin vəhdətini özündə cəmləşdirən şəxsiyyətlərdən idi. Onun mənalı ömrünün 50 ildən çoxu doğma vətənimizə və xalqımıza fədakarcasına xidmətdə keçib. Bütün şüurlu həyatını Azərbaycanda kənd təsərrüfatının inkişafına həsr edən bu görkəmli elim fədaisi gənc alim və mütəxəssislərin hazırlanılmasında öz əməyini əsirgəməyib. 1983-1989 və 1995-2007-ci illərdə bu aqrar təhsil və elm məbədinə rəhbərlik edən Məmmədtağı müəllim sözün həqiqi mənasında özünü təhsil və elm işçisi kimi göstərib. Tanınmış ictimai-siyasi xadim, gözəl insan Məmmədtağı Cəfərovun çox şaxəli fəaliyyəti, mənalı və ibrətli həyat yolu ziyalı şəxsiyyətinin ən yaxşı nümunəsidir.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, 2016-cı il iyulun 15-də anadan olmasının 80 ili tamam olur. Böyük alimin elmi fəaliyyəti və xatirəsinin yad edilməsi münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tanınmış torpaqşünas alim, Məmmədtağı Cəfərovun anadan olmasının 80-ci ildönümünə həsr olunan "Azərbaycanda torpağın münbitliyinin artırılması yolları" mövzusunda Respublika miqyaslı elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra akademik Məmmədtağı Cəfərovun qəbirüstü abidəsi ziyarət olunub , ruhuna dualar oxunub. Konfrans Universitetin Akt zalında öz işinə başlayıb.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq akademik Məmmədtağı Cəfərovun həyatı və fəaliyyəti, aqrar təhsilin, torpaqşünaslıq elminin inkişafındakı xidmətlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransda AMEA Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev akademik Məmmədtağı Cəfərovun torpaqşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Plenar iclasda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Cavanşir Təlayi, həmin institutun Bitki seleksiyası şöbəsinin müdiri, dosent Əsəd Musayev, ADAU torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, həmin kafedranın dosent əvəzi Vüqar Bəşirov elmi məruzələrlə çıxış ediblər.
Konfransda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutundan, digər Elmi-Tədqiqat institutları və birliklərindən, həmçinin bu universitetin alimləri, doktorant və dissertantlar, magistrant və bakalavr tələbələr iştirak ediblər.
Konfransın işi bölmə üzrə aqronomluq fakültəsinin tədris korpusunda akademik Məmmədtağı Cəfərovun adını daşıyan xüsusi auditoriyada davam edib. Sonda Universitetin Akt zalında konfransın işinə yekun vurulub, iştirakçılara Ümumrespublika elmi-praktik konfransının materialları təqdim olunub.
Əlihüseyn ŞÜKÜROV