Baydenin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanatı

Baydenin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanatı

10 İyul 2023 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Ukraynanın NATO üzvlüyünü qiymətləndirmək üçün əvvəlcə Ukrayna-Rusiya müharibəsinin bitməli, daha sonra demokratikləşmə kimi bəzi addımların yerinə yetirilməli olduğunu bildirib. Bayden İsveçin NATO-ya üzvlük müraciətinə də toxunaraq, bu ölkənin ən qısa zamanda Alyansa qoşulacağına inandığını bildirib.

ABŞ prezidenti Co Bayden CNN-in müxbiri Fareed Zakaria ilə müsahibədə xarici siyasət mövzuları, xüsusilə də Ukrayna ilə bağlı açıqlamalar verib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammiti öncəsi Ukraynanın NATO-ya üzvlük müraciətinə toxunaraq, “Hazırda müharibənin ortasında NATO üzvləri arasında Ukraynanı birliyə qatmaq üçün konsensus olduğunu düşünmürəm” deyə Bayden bildirib.

“Biz (NATO) Rusiya ilə müharibə etmirik” deyən Bayden, Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın NATO-ya daxil ediləcəyi təqdirdə Alyansın da müharibəyə girəcəyini bildirib.

Ukraynanın NATO üzvlüyü üçün demokratikləşmə kimi digər kriteriyaları yerinə yetirməli olduğunu deyən Bayden, Ukraynanın NATO üzvlüyünün qiymətləndirilməsi üçün müharibənin mütləq sona çatması lazım olduğunu vurğulayıb.

Murad Şahməmməd