Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac sanksiyalarını əhəmiyyətli dərəcədə genişləndirib
Cənubi Koreya hökuməti Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirmək qərarına gəlib. Sanksiyalar çərçivəsində Seul məhdudiyyətlərə məruz qalan yüzlərlə malların siyahısını xeyli genişləndirib.
Bu barədə Yonhap xəbər verir.
Məlumata görə, Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi Rusiya və Belarusa tədarükü qadağan edilən malların siyahısına daha 682 ad əlavə edib. Yeni sanksiyaya xüsusilə, ağır tikinti texnikası, akkumulyatorlar, dəzgahlar və təyyarə komponentləri daxil edilib.
Qeyd olunur ki, yeni qətnamə sanksiyalar siyahısındakı maddələrin ümumi sayını 1159-a çatdıracaq.
Qərarın Cənubi Koreya hökuməti tərəfindən zəruri inzibati prosedurların həyata keçirilməsindən və ixracatçılar üçün təlimatların dərcindən sonra 2024-cü ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.
Eyni zamanda, Cənubi Koreya səlahiyyətliləri tədarüklərin "müstəsna halları" ilə bağlı fərdi təhlil aparacaqlarını qeyd etdilər.
Oxuməni.az