Rusiya və Azərbaycan ilin sonunadək e-CMR elektron qaiməsi ilə yükdaşımanı sınaqdan keçirəcək
Azərbaycandan Rusiyaya e-CMR elektron qaiməsi ilə ilk yükdaşımanın ilin sonunadək həyata keçirilməsi planlaşdırılır. Oxuməni.az “Vestikavkaza.ru” saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) katibi Kənan Qurbanov Bakıda keçirilən V “Qara Dəniz-Xəzər Logistika Forumu 2026”da çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycan bir sıra digər ölkələrlə birlikdə e-CMR elektron yük qaiməsinə dair Protokolu daha əvvəl imzalayıb.
“Hazırda iki əsas tərəfdaşımız – Türkiyə və Rusiya ilə intensiv iş aparılır. Gözləyirik ki, e-CMR-dən istifadə etməklə ilk sınaq yükdaşıması artıq bu ilin sonunadək həyata keçiriləcək”, – Kənan Qurbanov deyib.
Onun sözlərinə görə, bu Protokol beynəlxalq avtomobil yükdaşımaları sahəsində qüvvədə olan ən mühüm sənədlərdən biridir.
ABADA katibi həmçinin bildirib ki, avqust ayında e-TIR rəqəmsal sistemi əsasında pilot yükdaşıma həyata keçirilib. Bu sistemə dair sənəd Gömrük Konvensiyası çərçivəsində imzalanıb. Müvafiq tranzit əməliyyatı Türkmənistan və Azərbaycan arasında həyata keçirilib.
İndi isə analoji sistemin Türkiyə ilə istifadəyə verilməsi planlaşdırılır.
Almaz Həsənli




















































































