Qahirə Universitetində “Azərbaycanın bu günü və sabahı” adlı konfrans təşkil edilib - FOTO

Qahirə Universitetində “Azərbaycanın bu günü və sabahı” adlı konfrans təşkil edilib - FOTO

11 Dekabr 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Misirdəki səfirliyi Qahirə Universitetinin İqtisadiyyat və siyasi elmlər fakültəsində Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanın bu günü və sabahı" adlı konfrans təşkil edib. Səfirlikdən Apa-ya verilən məlumata görə, konfransda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Orabi (Misirin sabiq xarici işlər naziri), İbrahim Fovzi (Misirin sabiq sənaye naziri), Misir-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Əbdürrəhman Səad, İqtisadiyyat və siyasi elmlər fakültəsinin dekanı xanım Hala Səid, Qahirə Universitetinin nəzdində Asiya Araşdırmalar Mərkəzinin müdiri xanım Maqda Saleh, tarix fakültəsinin doktoru Vaqih Atik, "Əl-Məsəiyyə" qəzetinin redaktor müavini, yazıçı Məhəmməd Sələmə, Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, jurnalist və tədqiqatçı Əhməd Tarabek, Açıq Amerika Universitetinin doktorantı Seymur Nəsirov çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev 1994-cü ildə Heydər Əliyevin Misirə səfəri ilə Azərbaycanla Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığını deyib. Azərbaycanın 90-cı illərdə çox çətin vəziyyətdə olduğuna toxunan səfir bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmən və işğalçı mövqeyi, 20% torpaqların erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqının öz tarixi torpaqlarından çıxarılması, digər tərəfdən də sovet iqtisadi quruluşunun dağılmasından təsirlənən ölkənin iqtisadi böhran yaşaması və xarici ölkələrin təzyiqlərinə məruz qalması barədə məlumat verib. O, 1993-cü ildə Azərbaycanı bu böhrandan çıxarmaq üçün xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsini və onun müdrik siyasəti ilə ölkənin parlaq gələcəyə doğru aparmasını, qısa zaman ərzində dövlətin əsaslarının gücləndirdiyini, siyasi, iqtisadi və sosial islahatlar apardığını və atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri M. Orabi cəmiyyətin fəaliyyətinə toxunaraq Azərbaycanla bağlı təəssüratlarını iştirakçılarla paylaşıb. M. Orabi bu gün Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyini, valyuta ehtiyatının 53 milyard ABŞ dollarını keçdiyini, yoxsulluq həddinin səkkiz il ərzində 49%-dən 5%-ə düşdüyünü bildirib.

Misirin sabiq sənaye naziri İ. Fövzi Azərbaycanın müstəqillik əldə etdiyi illəri və yaşadığı çətin dövrləri xatırladaraq, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixi və dini bağlılığı olan ərəb və müsəlman dünyası ilə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini söyləyib.

Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, jurnalist və tədqiqatçı Ə. Tarabek Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə çap olunmuş "Qarabağ Qafqazda sülhün yoludur" adlı kitabından söz açaraq, Azərbaycanın əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları və torpaqlarının 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu iştirakçıların diqqətinə çatdıraraq, Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində müharibənin dayandırıldığını və danışıqlar prosesinin başlandığını, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı BMT TŞ tərəfindən məlum qətnamələrin qəbul edilməsinə nail olunduğunu vurğulayıb.

Amerika Açıq Universitetinin doktoranturasında təhsil alan azərbaycanlı alim S. Nəsirov ərəb mənbələrində azərbaycanlı şair, yazıçı və sərkərdələr mövzusuna toxunaraq, onlar barədə iştirakçılara geniş məlumat verib.

Tədbirdə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və böyük tarixi keçmişi ilə bağlı məlumatları, həmçinin Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən video çarxlar nümayiş etdirilib. Bundan başqa, İqtisadiyyat və siyasi elmlər fakültəsinin önündə konfransla bağlı banerlər öz əksini tapıb, Azərbaycan həqiqətlərini əks etdirən və səfirliyin dəstəyi ilə çap olunmuş kitablar iştirakçılara və tələbələrə paylanıb.

Mediainfo.az