SSRİ əmanət kassasından əhaliyə qalmış borcun ödənilməsi Azərbaycana 1 milyard manata başa gələcək
Azərbaycan Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin verdiyi məlumata görə, SSRİ əmanət kassalarında qalmış borcların ödənilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılacaq. Xatırladaq ki, müvafiq fərman ölkə başçısı İlham Əliyev tərəfindən martın 14-də imzalanıb. Fərmanda bildirilir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş SSRİ məkanında yaşanan iqtisadi və siyasi böhran, milli zəmində törədilmiş iğtişaşlar, İttifaq tərkibində olan respublikaların ayrılması nəticəsində uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələrinin pozulması və bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması baş verib.
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası
Bankında saxlanılmış bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən
bir neçə dəfə indeksləşdirilib və onlara görə kompensasiyalar verilib
(1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı
alıb, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları
almaq hüquqlarından istifadə etməyib və keçən müddət ərzində həmin əmanətlərin
dəyəri xeyli azalıb.
Qeyd etmək zəruridir ki, Azərbaycan vətəndaşlarının keçmiş
SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri
dövrdə qüvvədə olmuş SSRİ-nin "Banklar və bank fəaliyyəti haqqında" qanununda və
Azərbaycan Respublikasının "Banklar və bank fəaliyyəti haqqında" 1992-ci il 7
avqust tarixli qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti
nəzərdə tutulmayıb.
O.M.