İlham Əliyev Qala yolunun açılışında iştirak edib

İlham Əliyev Qala yolunun açılışında iştirak edib

26 İyul 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)
Ümumi uzunluğu 12,5 kilometr olan yol ən yüksək səviyyədə çəkilib

Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak edib.

Oxumeni.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox sahələrlə yanaşı, paytaxtda yol infrastrukturunun müasirləşdirilməsini də əhatə edir.

İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə yenidən qurulur, yeni yol qovşaqları inşa edilir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun müasir tələblər səviyyəsində inşası bunu aydın nümayiş etdirir.

Nəqliyyat naziri Ziya Məmmədov yeni yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.

Bu yol prezident İlham Əliyevin Bakı şəhərinin nəqliyyat sisteminin inkişaf etdirilməsi və paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində inşa olunmuş və Bakıda həyata keçirilən yol-nəqliyyat layihələrinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilmişdir. Yol boyu geniş abadlıq işləri aparılmış, müasir yol nişanları qoyulub. Magistral yol boyu müasir işıqlandırma sistemi yaradılmış, yaşıllaşdırma işləri görülmüşdür. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaqdır. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilmiş, suötürücü dəmir-beton borular quraşdırılıb.

Prezident İlham Əliyevə Babək prospekti ilə K.Əfkari küçəsinin və Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişmələrində inşa edilən yeraltı piyada keçidləri barədə də məlumat verilib.

Bildirildi ki, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yerləşən keçidin ümumi uzunluğu 80, eni isə 8 metrdir. Keçid ən müasir səviyyədə inşa edilib. Hündürlüyü 3,2 metr olan keçidin iki çıxışı var. Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişməsində inşa edilən yeraltı piyada keçidi də müasir səviyyədədir. Bu keçidin uzunluğu 89 metr, eni 8, hündürlüyü 3 metrdir. Burada 4 eskalator quraşdırılıb.

Sonra dövlət başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsib.

O.M.