Prezident və xanımı məktəblərdə...
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 234 nömrəli orta məktəb 1980-ci ildə inşa olunmuşdur. 1176 yerlik məktəbdə 850 şagird təhsil alır. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilmiş, təhsil ocağında əsaslı yenidənqurma işləri aparılmış, yüksək standartlara uyğun şərait yaradılmışdır. Tədris müəssisəsində kompyuter sinifləri fəaliyyət göstərəcəkdir. Məktəbin işıqlandırma və istilik sistemi də yenidən qurulmuşdur. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 125 nömrəli orta məktəbə gəldilər. Burada da görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, məktəb 1939-cu ildə inşa olunmuşdur. 2011-ci ildə dövlətimizin başçısı bu məktəbdə olarkən yeni binanın inşa edilməsi barədə yerindəcə göstərişlər vermişdir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məktəbin yeni binası yüksək standartlara uyğun şəkildə inşa olunmuşdur. 760 yerlik yeni məktəbdə hazırda 560 şagird təhsil alır. Məktəbin akt və idman zalları yüksək tələblər səviyyəsindədir. Bu məktəbdə də müasir kompyuter sinifləri yaradılmışdır. Təhsil müəssisəsi ən müasir avadanlıqla, işıqlandırma və istilik sistemləri ilə təchiz edilmiş, ətraf ərazilərdə abadlıq işləri aparılıb.
Dövlət başçısı və xanımı yaradılan şəraitlə yaxından tanış oldular. Yeni korpusda yüksək səviyyədə iclas və idman zalları qurulub, müasir işıqlandırma və istilik sistemləri yaradılmışdır. Məktəbin ətrafı abadlaşdırılıb.
O.M.