Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə 1000 seçki məntəqəsində kameralar quraşdırılıb

Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə 1000 seçki məntəqəsində kameralar quraşdırılıb

27 Sentyabr 2013 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə üzrə 5274 seçki məntəqəsinin hamısı telefonlaşdırılıb.

Apa-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq zamanı bildirib.O deyib ki, ilk dəfə olaraq bütün məntəqələr 2008-ci ildə tam telefonlaşdırılıb və 500 məntəqədə veb-kamera quraşdırılıb. Bu il keçiriləcək seçkilərdə isə 125 seçki dairəsinin bütün məntəqələri optik rabitə xətti ilə təmin edilib: "Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində - 1000 seçki məntəqəsində kamera quraşdırılıb. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər. Naxçıvan Muxtar Respublikası ilə isə peyk vasitəsilə əlaqə yaradılıb".

Nazir müavini əlavə edib ki, 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir: "MSK-nın saytının tam mühafizəsi üzrə proqram hazırlanıb. Bu işdə Xüsusi Dövlət Mühafizə Xidmətinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumları birgə iş görür. Məqsəd seçki günü saytın haker hücumundan mühafizəsidir".

O.M.