"Mənim üçün Azərbaycan bizim rahatlıqla arxalana biləcəyimiz bir ölkədir"
Türkiyənin məşhur şoumeni, "Beyaz show" proqramının aparıcısı Beyazıt Öztürk ilk dəfə Azərbaycana gəlib. Şoumen jurnalistlərə açıqlamasında Azərbaycan xalqı və Bakı haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Bakı kimi gözəl bir şəhərə bir günlük səfər çox azdır: "Amma bir gün ərzində gördüyüm sevgi inanılmazdır. Azərbaycanlı qardaşlarımızın davranışları, baxışları, söhbətləri məni çox məmnun etdi. Azərbaycan, Bakı həqiqətən də yenidən qurulur. Şəhər və insanlar çox xoşuma gəldi. Azərbaycan xalqı mənim öz millətim kimidir. Burada hər kəs bizi tanıyır. Mənim üçün Azərbaycan bizim rahatlıqla arxalana biləcəyimiz bir ölkədir. Eləcə də Azərbaycan rahatlıqla hər zaman Türkiyəyə güvənə bilər. Dostluğumuz hər zaman var olsun".
Şoumen insanları güldürməkdən zövq aldığını, bu işin onu
rahatlatdığını söyləyib və uğurlarının sirrini açıqlayıb: "Səmimiyyətimlə hər
zaman seçilirəm. Hər bir münasibətdə ən önəm verdiyim şey səmimiyyətdir və
fikrimcə, bu səbəbdən çox sevilirəm. İllər boyu bir dəfə də olsun "Mən bunu
etdim və hər şey əladır" deməmişəm. Hər proqramımda ilk günkü kimi çox həyəcanlanıram
və hər proqramımı ilk proqram hesab edirəm. Həmin həyəcan mənim bu günə qədər
ayaqda qalmağımın, sevilməyimin əsas səbəbdir. İnsanların gülməyə ehtiyacı var,
bizim insanlarınsa başqalarından daha çox gülməyə ehtiyacı var. Maddi durumları
mənə də məlumdur və bilirəm ki, bir çox insan evindən kənara çıxıb əylənə
bilmir. Onları televizor qarşısında güldürə bilirəmsə, simalarında təbəssüm
oyanırsa, bu, məni çox xoşbəxt edir. Etiraf edim ki, davamlı olaraq güldürmək
çox qəliz bir şeydir. Bunun üçün mənim başım rahat, kefim yerində olmalıdır və
başqa heç nə ilə məşğul olmamalıyam. Belə olunca, əlimdən gələn hər şeyi etməyə
çalışıram. Amma inanın mənə, "Bəyaz Show"ya çıxdığım zaman bütün problemlərimi
unuduram, hər şey öz yerinə gəlir".
İstanbulda çoxsaylı azərbaycanlı dostlarının olduğunu söyləyən
B. Öztürk, Azərbaycan haqqında "Bəyaz show"nun orkestrinə rəhbərlik edən azərbaycanlı
dirijor Firuz İsmayılovdan daim məlumat aldığını açıqlayıb: "Firuz mənə Azərbaycan
haqqında kifayət qədər məlumat verir. Firuz sizin Türkiyədəki ən böyük elçilərinizdən
biridir".
Qeyd edək ki, noyabrın 23-də Bakıda keçirilən mükafatlandırma
mərasimində iştirak edən türkiyəli qonaqlar Türkiyəyə qayıdıblar.
Bu dəfə komik aktyorun sözləri gülüşlə qarşılanmadı...
Fuad Borçalı
O.M.