ABŞ-da fırtına nəticəsində 3 nəfər ölüb, minlərlə insan işıqsız qalıb

ABŞ-da fırtına nəticəsində 3 nəfər ölüb, minlərlə insan işıqsız qalıb

19 Dekabr 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın şərq sahillərində baş verən şiddətli tufan üç nəfərin ölümünə, elektrik enerjisinin kəsilməsinə, daşqınlara və uçuşların gecikməsinə səbəb olub.

635,000-dən çox insan bazar ertəsi gecə işıqsız qalb.

ABŞ Milli Meteoroloji Xidməti (NWS) bildirib ki, güclü yağışlar çayların daşmasına və daşqınlara səbəb olub. Bəzi ərazilərdə yolların yuyulması baş verib.

Cənubi Karolinada ilk ölüm faktı təsdiqlənib. Rəsmilər 72 yaşlı Nensi Morrounun suya batan avtomobildə ilişib qalaraq həyatını itirdiyini bildirib.

Massaçusets ştatında 89 yaşlı Robert Horki güclü küləyin ağacı onun qoşqusunun üzərinə aşması nəticəsində ağır kəllə-beyin travması alıb.

Polisin hələ kimliyini açıqlamadığı üçüncü şəxs Men ştatında ölüb. Məlumata görə, onun üzərinə ağac aşıb.

FlightAware-in məlumatına görə, güclü külək və yağış səbəbindən 500 reys təxirə salınıb, 4900-dən çoxu isə gecikib. Boston və Nyu-York bölgələrindəki hava limanları ən çox zərər çəkib.

NWS-in məlumatına görə, Massaçusets ştatının Boston şəhərində küləyin sürəti 80 km/saata çatıb.

Bundan əvvəl ABŞ Milli Meteoroloji Xidməti ondan çox ştatda daşqın xəbərdarlığı etmişdi.

Oxuməni.az