Vaqifi öldürən, anasını doğrayan Batmanqılınc
Azərbaycan tarixinin ən az öyrənilmiş şəxsiyyətlərindən biri olan Məhəmmədqulu bəy Mehrəli bəy oğlu Sarıcalı-Cavanşir Qarabağ xanlığının ən güclü sərkərdələrindən biri olmaqla yanaşı, həm də pəhləvan idi. Qarabağ xanlığının banisi Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qardaşı Mehrəli bəy Sarıcalı-Cavanşirin oğlu olan Məhəmməd Cavanşir daşıdığı qılıncın ağırlığına görə “Batmanqılınc” ləqəbi almışdı.
Döyüşdə qalxan götürməzmiş, özü də iki qılıncla vuruşarmış.
Cavanşirlər Azərbaycanın qədim soylarından biridir. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində “familiya” qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyad kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdi. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir də Bəhmənli elinin Sarıcalı qolundandır. Cavanşir və başqa tayfalarla birlikdə Sarıcalı da Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamışlar. Hazırda Qarabağda, Ağcabədi, Tərtər və Cəbrayıl rayonlarındakı Sarıcalı kəndləri də sarıcalılar tayfasının adı ilə bağlıdır, XX əsrin 30-cu illərinə qədər Novruzlu kəndi yaxınlığında da Sarıcalı kəndi mövcud idi. İkinci Dünya müharibəsi illərində əhalisi Qaradağlı, Qullar və başqa kəndlərə köçmüşdür...
Məhəmmədqulu bəy Mеhrəli bəy oğlu Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağırıldığından, bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir.
Gənc yaşlarından pəhləvanlıq edən Məhəmməd bəyin Şuşada Zorxanası var idi. Bütün ətrafında olan gənclərlə bərabər burda idman edir, güləşlə məşğul olur, ağırlıq qaldırırdı. Gənc yaşlarından xanlıq uğrunda döyüşlərdə aktiv iştirak edirdi. Atası Mehrəli bəyin 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürülməsini eşidir və Məhəmməd bəy (14 yaşı olub o vaxt) ora hücum edib, atasının qisasını alır. Aqil Abbas yazır ki, (“Batmanqılınc” əsərində) Şamaxı xanının da beş oğlunu Məhəmməd bəy Cavanşir döyüşdə öldürmüşdü. Amma xanın özünü öldürməmişdi, gözlərini çıxarmışdı. Demişdi ki, mən atasızlıqdan nə çəkmişəmsə, sən də oğullarının acısını çək!
Bir müddət keçəndən sonra əmisi İbrahimxəlil xan onun anasına, yəni qardaşı arvadına elçi düşür, qadın da razılaşır. Toy günü Məhəmməd bəy evə gəlir, görür ki, evdə şadyanalıq var. Anasının yanına gedir, görür ki, o, güzgü qabağında bəzənir. Səbəbini soruşanda qadın deyir, əminə ərə gedirəm. Bunu eşidən Məhəmməd bəy belindən xəncəri çıxarıb anasının boğazını kəsir ki, atamın toxunduğu qadına kimsə əl vura bilməz. O, anasının boğazını kəsəndən sonra bədənini iki yerə bölür. Bundan sonra evdən gedir. Bunu eşidən İbrahimxəlil xan onu öldürmək istəsə də, ətrafında olanlar onu inandırırlar ki, Məhəmməd bəy xanlığa lazımdır və ona görə fikrindən yayınır. Lakin əmi-qardaşoğlu arasında gözəgörünməz düşmənçilik yaranır. Bir-birlərinə olan nifrət səngimir. Üzə vurmasalar da, bu düşmənçilik ömürlərinin son gününə qədər davam edir.
Əslən şuşalı olan professor Kamran Məmmədov “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” adlı kitabında İbrahimxəlil xanın qızı Ağabəyim Ağanın gənc yaşlarında əmisi oğlu Məhəmməd bəyə aşiq olduğunu qeyd edir. Deyilənə görə:
- Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim necə gəldi, necə getdi
- misralarını da Ağabəyim ağa Məhəmməd bəyə yazıb.
Məhəmməd bəy Şuşada az yaşayardı, imarəti Ağdamda idi. Çox vaxt burda qalırdı. Əmisinin vəziri Molla Pənah Vaqifi görməyə gözü yox idi. Vaqifin ona şeir həsr eləməsinə baxmayaraq, Məhəmməd bəy şairi ermənilərə olan münasibətinə görə sevmirdi. Vaqifin ən yaxın dostu Ohan keşiş idi və Məhəmməd bəy Ohanın Vaqifin dostluğundan istifadə edib ermənilərə şərait yaratmasına görə onu qəbul etmirdi. Hətta Vaqifin Rusiyanı müdafiə etməsinə görə sarayda bir neçə dəfə ona xəbərdarlıq etmişdi. Dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq, İrana qarşı müdafiə olunmağı təklif etmişdi. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan “yox” cavabı ilə gəlməsini əsas tutaraq, Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi. Buna görə də Məhəmməd bəy onunla daimi mübahisə edirdi.
1797-ci ilin ilk baharında Ağa Məhəmməd şah güclü ordu ilə növbəti səfər Qarabağ istiqamətində hücuma başladı. İbrahimxəlil xanın Çar əyalətinə qaçmasından sonra Məhəmməd bəy Şah Qacara qarşı mübarizə aparmaq üçün gizlincə özünə tərəfdar toplayırdı. Qacara yaxın olan Sadiq bəy dəfələrlə Məhəmməd bəyə rus ordusunda olan yüksək rütbəli Pyotr Stepanoviç Kotlyarevskinin köməyini təklif etsə də, o, imtina etmişdi.
Gecə ikən yatadığı yerdə Qacarı öldürmək təklifi onun xoşuna gəlmir və buna görə də qətldən imtina edir. “Mən düşməni yatdığı yerdə öldürə bilmərəm, bu kişilikdən deyil” deyib gedir, buna görə də Sadiq xan bu işi Abbas bəy və Səfaralıya tapşırır və onlar da qətli icra edirlər.
Qacarın ölümündən sonra bir müddət Qarabağın xanlığı Məhəmməd bəyin idarəçiliyində olur. O, çoxunu həbsdən azad edir, eyni zamanda Vaqifi və oğlunu. Amma Vaqifin gizlincə İbrahimxəlil xana yazıb, onu Şuşaya dəvət etməsi və bir də onun keçmişdə rusları müdafiə etməsini əsas gətirib, onun və oğlunun Xəzinə qayasından atılaraq edam edilməsi əmrini verir.
Lakin bir müddət sonra Məhəmməd bəy görür ki, xanlığı idarə etmək çətindir. Əmisinə xəbər göndərir ki, gəl, yenə xan özün ol. İbrahimxəlil xan geri qayıtmağa bir müddət cəsarət etmir. İlk olaraq Şuşaya onun oğlu Əbülfət ağa qayıdır, əmisi oğlu ilə görüşür. Ona deyir ki, atam Şuşaya qayıdır, səni əvvəl-axır öldürəcək, yaxşısı budur, sən bir müddətlik get başqa yerə, sonra biz məsələni həll edib, səni geri çağırarıq.
Məhəmməd bəy də təxminən üç qatır yükü qızıllarını və erməni qulluqçularını götürüb, gecə ilə Xəzinə qayası tərəfə gedir, orda öz xəzinəsini gizlədir. Üstünü basdırır və orda da erməniləri qayadan atıb öldürür ki, yerini heç kim bilməsin. Evinə qayıdır və digər xəzinəsi ilə birgə Şəkiyə gedir. Bir müddət burda qalanda öldürdüyü Şirvan xanın varisi II Şirvan hakimi Mustafa xan Xançobanlının böyük pulları hesabına Şəkidə gecə yatdığı yerdə ələ keçirilir. Şəki xanı onun yeməyinə yuxu dərmanı qatır və Məhəmməd bəy yatandan sonra əl-qollarını, ayaqlarını zəncirlə bağlayıb Şirvana aparırlar. İlk olaraq Şirvan xanı onun iki gözünü çıxardır və sonra tikə-tikə doğrayıb atasının, qardaşlarının və əmilərinin qisasını alır.
Qəbri də yoxdur Məhəmməd bəy Cavanşirin…Axar.az