Xruşov Voroşilovu bu təhlükəyə görə TƏHQİR etməkdən çəkinməyib
SSRİ tarixində tətbiqinin genişliyinə görə ən böyük amnistiya 27 mart 1953-cü ildə, İosif Stalinin vəfatından heç bir ay keçməmiş verilib.
Amnistiya aktına görə, 551 500 nəfər 5 ilə qədər cəza müddətləri olanlar, 49 745 nəfər 5 ildən artıq cəza alan təsərrüfat rəhbərləri və hərbi xidmətdə cinayət törədənlər, 57 132 nəfər himayəsində 10 yaşa qədər uşaqları olan cinayət törətmiş qadınlar, 6013 nəfər cinayət törətmiş hamilə qadınlar, 5684 nəfər yetkinlik yaşına çatmayanlar, 44 210 nəfər 55 yaşdan yuxarı olan kişilər, 18 044 nəfər 50 yaşdan yuxarı olan qadınlar, 43 411 nəfər ağır xəstəliyi olan məhbuslar, 300 mindən artıq istintaqı davam edən və cəza gözləyənlər cəzalarından azad olunublar. Beləliklə, 27 mart 1953-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovun amnistiya haqqında imzaladığı fərmanla 1 milyon 300 minə yaxın məhbus azadlığa çıxıb.
Maraqlıdır, SSRİ tarixində ən böyük amnistiya niyə məhz Stalinin vəfatından sonraya saxlanılıb? Bu amnistiyanın təşəbbüskarı kim olub?
Əslində ilk baxışdan amnistiya aktı haqqında fərmanın imzalanması dövlətin humanist siyasətinin göstəricisi kimi qəbul olunub. Reallıqda isə bu aktın arxasında gizli və təhlükəli məqsəd dayanıb...
1953-cü ilin martın 15-də, İosif Stalinin dəfnindən sonra Lavrenti Beriya yeni strukturda daxili işlər naziri vəzifəsini tutanda mövqelərini möhkəmlətmək, ölkənin əsas söz sahiblərindən biri olmaq üçün bütün vasitələrə əl atıb. Məhz həmin ərəfədə yüksəkçinli dövlət məmurları arasında ən iddialı, ən təhlükəli və həm də ən qəzəbli şəxs sayılan Beriyanın yeni vəzifəsindəki ilk təşəbbüs və təkliflərindən biri isə həm Kremldə, həm də cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Belə ki, Beriya SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkova məxfi məktub göndərərək kütləvi amnistiyanın tətbiq edilməsini vacib sayıb. O, həbsxanalarda və düşərgələrdə 3 milyona yaxın məhbusun olduğunu, cəzaların təsnifatını, yaşa, cinsə, cinayət maddələrinə görə cəza müddətlərini geniş təhlil edərək, dövlətin cinayət-hüquq sahəsində islahatlara ehtiyac olduğunu məktubda xüsusilə qeyd edib.
Zamanında yüz milyonlarla insanın həbs olunmasına imza atan Beriyanın belə “mərhəmət” sahibi olması qəribə və qeri-adi görünüb. Bütün siyasi fəaliyyəti dövründə Beriya ilə dostluq münasibətləri olan, onu dəstəkləyən və ondan çəkinən Malenkov daxili işlər naziri tərəfindən ona ünvanlanan məktuba müsbət reaksiya verib və amnistiya ilə bağlı fərman imzalanmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovla bu məsələni müzakirə edərək ortaq razılığa gəliblər.
Mövcud dövrün araşdırmaçılarının və hüquq ekspertlərinin qənaətinə görə, amnistiya haqqında fərmanın imzalanmasına nail olan Beriya hər şeyi əvvəlcədən planlaşdırıb. Beriya özü də yaxşı bilib ki, eyni vaxtda bir milyondan artıq məhbusun azadlığa çıxmasının ciddi fəsadları olacaq. O, bununla ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə, cinayət hadisələrinin kəskin artmasına nail olmaq istəyib və o, yaxşı anlayıb ki, ölkədə ictimai sabitlik pozulduqdan sonra Kreml Daxili İşlər Nazirliyinin səlahiyyətlərini artıracaq, nazir kimi Beriya da müstəsna səlahiyyətlərə sahib olacaq.
“Hər şeyə qadir narkom”un əvvəlcədən düşündüyü bu planın birinci mərhələsi “uğurla” alınıb. Amnistiyadan sonra 1952-ci illə müqayisədə soyğunçuluq 146 faiz, kiçik oğurluq 143 faiz, zorlama 54 faiz, qəsdən adamöldürmə 43 faiz, qanunsuz silah gəzdirmə 135 faiz, digər cinayət hadisələri 70-80 faiz artıb.
Müharibədən sonrakı SSRİ-də vətəndaşların sosial və maddi vəziyyətinin aşağı olması, azadlığa çıxan məhbusların işsizlik problemi cinayət hadisələrinin artmasına daha da rəvac verib. Təbii ki, ölkəni bürüyən cinayət hadisələri Kremli narahat edib. Bu da öz növbəsində daxili işlər orqanlarında yeni strukturların yaradılması, şəxsi heyətin sayının artırılması, DİN-ə yeni səlahiyyətlərin verilməsi zərurətini yaradıb.
Beriya qısa müddətdə bu vəziyyətdən yararlanıb, kadr islahatlarına başlayıb, müttəfiq respublikalara, diyar və vilayətlərə öz adamlarını yerləşdirib. Onun bu fəallığı diqqətdən yayınmayıb. Malenkovu zərərsizləşdirərək hakimiyyəti əlinə alan Nikita Xruşov Beriyanın “islahat”larının nə ilə nəticələnə biləcəyini yaxşı anlayıb. Güc strukturunda Beriyanın varlığı Xruşov üçün ən böyük təhlükəyə çevrilib və o, çox tezliklə Beriyanı aradan götürməyə nail olub.
27 mart 1953-cü ildə verilən amnistiya sonralar dəfələrlə Kremldə müzakirə mövzusuna çevrilib. Xruşov bu amnistiya fərmanını imzaladığına görə Voroşilovu Siyasi Büronun iclasında sərt tənqid edib. O, Beriyanın həbsinə qədər amnistiyanı rəsmi adı ilə deyil, “Voroşilov amnistiyası” adlandırıb. Beriyanın həbsindən sonra isə bu akt “Beriya amnistiyası” kimi səsləndirilib. Xruşov 1953-cü ildə noyabr plenumunda da növbəti dəfə bu məsələyə özünəməxsus reaksiya verib:
“Voroşilov bu fərmana imza atanda harası ilə düşündüyü mənə indiyə qədər də məlum deyil. Əgər başı ilə düşünsəydi, buna yol verməzdi. Yəqin ki, yoldaş Voroşilov Beriyanın “mərhəmətinə” inanıb. Milyondan artıq cinayətkarı azadlığa buraxaraq özünü onların və Beriya kimi cinayətkarın mühasirəsinə salıb. İndi isə buna görə biz daha çox əziyyət çəkirik, cinayət hadisələrinin statistikası dəhşətli fakt kimi hər gün bizi narahat edir. Bu cinayətkarlarla kommunizmə doğru getmək bizim üçün yetərincə problemlər yaradır. Amma biz bunun da öhdəsindən gələcəyik...” Musavat.com