Dünya şöhrətli alman klinikasının həkimi qətllərə görə saxlanılıb

Dünya şöhrətli alman klinikasının həkimi qətllərə görə saxlanılıb

14 May 2023 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Kardioloq intensiv terapiya şöbəsində pasiyentlərin ölümü üçün qəsdən onlara böyük dozada sedativ preparatlar yeridib..."

"Dünyaca məşhur xəstəxanada Angela Merkel, Aleksey Navalnı və Yuliya Timoşenko müalicə alıb..."

Berlinin məşhur "Şarite" klinikasının kardioloqu iki pasiyentini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Berlin prokurorluğuna istinadən Almaniyanın "Der Şpiegel" ("Güzgü") qəzeti yazıb.

Məlumatda deyilir ki, 55 yaşlı həkim iki ağır xəstənin ölümündən sonra saxlanılıb.

İstintaqın iddiasına görə, 2021 və 2022-ci illərdə o, intensiv terapiya şöbəsində pasiyentlərin ölümü üçün qəsdən onlara həddən artıq yüksək dozada sedativ preparatlar yeridib.

Kardioloqun motivləri dəqiq bəlli deyil. 2022-ci ildə klinika rəhbərliyi qanunsuz tibbi prosedur haqqında anonim məlumat aldıqdan sonra kardioloq işdən kənarlaşdırılıb.

"Şarite" məlumata çox ciddi yanaşaraq dərhal şübhəli bilinən mütəxəssisi işdən çıxarıb və potensial olaraq zərərçəkən insanların müdafiəsi üçün bütün digər tədbirləri görüb", - xəstəxana nümayəndəsi deyib.

Onun ünvanına ittihamlar yalnız araşdırmanın nəticələri alındıqdan sonra irəli sürülüb.

Belə ki, məhkəmə təbabəti ekspertləri "Şarite"də şübhəli bilinən həkimin əli olduğu dörd şübhəli ölüm hallarını öyrənərək bu nəticəyə gəlib ki, iki halda preparatın həddən yüksək dozada yeridilməsi tibbi nöqteyi-nəzərdən əsaslı olmayıb.

Dünən şübhəli bilinən Tirqarten dairə məhkəməsinə gətirilib, orada onun həbsinə order verilib.

Avropanın ən böyük xəstəxanası olan Berlinin məşhur "Şarite" ("Charite" fransızcadan tərcümədə "xeyriyyə" və ya "mərhəmət" deməkdir) universitet xəstəxanası Almaniyanın hüdudlarından çox-çox uzaqlarda məşhurdur.

1710-cu ildə taun lazareti kimi əsası qoyulan xəstəxana hazırda çoxprofilli tibb mərkəzidir və burada ən müxtəlif xəstəlikləri olan pasiyentlərə yardım edilir.

Xəstəxana kompleksi 3 min çarpayıdan ibarətdir. Burada 13 min əməkdaş işləyir və hər il təxminən 800 min ambulator və stasionar pasiyent müalicə alır.

Sıravi vətəndaşlarla yanaşı, buraya dünyaca məşhur insanlar müalicəyə gəlir.

Məsələn, Rusiya və Səudiyyə Ərəbistanından bir çox zəngin və məşhur pasiyentlər məhz burada tibbi yardım alır.

2011-ci ildə AFR kansleri Angela Merkel "Şarite"də dizindən əməliyyat olunub, AFR-in indiki prezidenti Frank-Valter Ştaynmayer burada öz həyat yoldaşı üçün böyrək donoru olub.

2014-cü ildə "Şarite"də Ukraynanın tanınmış siyasi xadimi Yuliya Timoşenko müalicə alıb.

"Mediazona"nın naşiri və "Pussy Riot" qrupunun iştirakçısı Pyotr Verzilov deyib ki, müxalifətçi Aleksey Navalnının "Şarite"də müalicəsi üçün şəxsən danışıqlar aparıb.

2018-ci ildə Verzilovun özünün səhhətində qəflətən problemlər yaranıb, o, görmə, nitq və hərəkət qabiliyyətini itirməyə başlayıb.

Moskvanın toksikoreanimasiya xəstəxanasında bir neçə gün müalicə aldıqdan sonra Verzilov Berlinin "Şarite" xəstəxanasına köçürülüb.