Müəllimlərin işə qəbulu üzrə keçiriləcək  imtahanların vaxtı məlum olub

Müəllimlərin işə qəbulu üzrə keçiriləcək imtahanların vaxtı məlum olub

5 İyul 2019 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 8-dən 24-dək ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, alman dili və tarix üzrə iyulun 8-də, fizika, fransız dili və musiqi üzrə iyulun 9-da, informatika və rus dili üzrə iyulun 10-da, ingilis dili üzrə iyulun 11 və 12-də, biologiya üzrə iyulun 12 və 13-də, coğrafiya üzrə iyulun 13-də, ibtidai sinif üzrə iyulun 15 və 18-də, təsviri incəsənət üzrə iyulun 18-də, fiziki tərbiyə üzrə iyulun 18 və 19-da, riyaziyyat üzrə iyulun 19 və 22-də, texnologiya üzrə iyulun 22-də, kimya üzrə iyulun 22 və 23-də, Azərbaycan dili və ədəbiyyat üzrə iyulun 23 və 24-də, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə iyulun 23-də test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.