Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb

Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb

11 Dekabr 2019 10:20
Bəyəndim (1) Bəyənmədim (0)

Moldova parlamentində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı olaraq “Dahi liderin həyatı” adlı sərginin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən Oxumeni.az-a bildiriblər ki, parlamentin foyesində təşkil olunan sərgidə Ulu Öndərin həyat və yaradıcılığına dair fotoşəkil, kitab və jurnallar nümayiş etdirilir.

Açılış mərasimində Moldova parlamentinin spikeri xanım Zinaida Qreçan, Moldova-Azərbaycan Dostluq qrupunun üzvləri və digər deputatlar, diplomatik nümayəndələr, Moldova Azərbaycanlıları Konqresinin üzvləri iştirak ediblər.

Spiker Z.Qreçan sərginin açılışında çıxış edərək Moldova-Azərbaycan ikitərəfli münasibətlərinə toxunub. Bildirib ki, bu gün iki ölkə arasında münasibətlər yüksələn templə inkişaf edir və bu inkişafa silinməz töhfəsini vermiş dahi siyasətçi Heydər Əliyevin xüsusi rolu olub. Spiker qeyd edib ki, Azərbaycan xalqının lideri fəaliyyətinin hər bir zamanında xalqının, dövlətinin, cəmiyyətinin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb. “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. O, bəşər tarixində hər hansı bir dövlət başçısının öz ölkəsi üçün edə bilmədiklərini Azərbaycan üçün reallığa çevirib”, - deyə spiker əlavə edib.

Səfir Qüdsi Osmanov çıxış edərək Ümummilli Liderinin siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmasından və millətinə rəhbərlik etməsindən danışıb. Səfir qeyd edib ki, bu yolda çox böyük maneələrlə rastlaşmasına baxmayaraq Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlayıb və müstəqil inkişaf yoluna çıxarıb. Bu gün isə Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sərgi dekabrın 14-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az