Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

15 Aprel 2021 09:58
Bəyəndim (4) Bəyənmədim (0)

Nəriman Üzeyiroğlu

LAL OLUB MƏHƏBBƏTİM

Necə unudum axı sənli xatirələri,

Danışığın, gülüşün, baxışın da yadımda.

Qışın soyuq gecəsi, qucaqlayıb boynumu,

Sığınıb ürəyimə yatışın da yadımda.

***

Niyə soyudun belə, niyə buza dönmüsən?

Buza dönüb ürəyin, dolu yağır gözündən,

Hanı odlu baxışın, hanı odlu nəfəsin?

Nəfəsinin istisi heç getməyib üzümdən.

***

Bağlanıbdı ömrümün, qıfıllanıb qapısı,

Bəxtim geyinib qara, qara geyib qismətim.

Şikəst olub eşqimiz, dizin-dizin sürünür,

Sevgim əsayla gəzir, lal olub məhəbbətim.

YANANDAN BƏRİ

Hey giley etmişəm, bəxtimdən yana,

Dünyanın gərdişin qanandan bəri.

Elə bil qapqara yazıb bəxtimi,

Tanrını köməyim sanandan bəri.

***

Bölünüb yolum da bax, iki yerə,

Yoxuşum dağ olub, düzüm də dərə.

Ömür yavaş-yavaş gedir hədərə,

Saçlarım dənini danandan bəri.

***

Qalmayıb xatirə dərddən savayı,

Kədərdən savayı, sərdən savayı.

Hər şey ucuz olub dürdən savayı,

Fələyin üzü də dönəndən bəri.

***

Nəriman, zaman da yaşıddır sənlə,

Ötür cavanlığın saatla, günlə.

Sovrulur ümidlər, dumanla, çənlə,

Arzular od tutub, yanandan bəri.

BU BÜNYANIN

Bu dünyanın iki yolu,

Biri əyri, biri düzdü.

Əyri yolu düz yoluma,

Fitnə-fəsad, tələ düzdü.

***

Yolu yaldır bu dünyanın,

İnsafı yox, aman verməz.

Qəddarlaşıb, güman verməz,

Yaşamağa zaman verməz.

***

Vaxtı kaldır bu dünyanın,

Nahaq haqqı əyib yerə.

Kələk gəlir min bir cürə,

Heç dillənmir, bircə kərə.

***

Dili laldır bu dünyanın,

Kül üfürür gözümüzə.

Güc eyləyir özümüzə,

Sözü keçir sözümüzə.

***

Ağzı faldır bu dünyanın,

Nəriman, baxma yaşına.

Zəhəri qatar aşına,

Sapandsız atar başına,

Daşı saldı bu dünyanın.

Gülay Tahirli

YANAN ÜRƏKLƏR

Daş olub eləcə yağır başıma,

Sənə uzatdığım güllər, çiçəklər.

Tanrının da hər gün çıxır yadından,

Bu sevən ürəklər, yanan ürəklər.

***

Öpdüyün yerlərdən dərdlər boy atır,

İndi həsrət gəlib oxşayır məni.

Nə zaman qolumu açsam yoluna,

Sanki qolların da ox sayır məni.

***

Daha qanadların quşları yoxdur,

Ağacsız qalıbdır indi budaqlar.

Məndən yaranmışdı, məni öldürdü,

Sinəmdə yurdsuzdur indi bu dağlar.

BURDAN O YANA

Rəssamın ki, rəsmi gözündə qaldı,

Vərəqə çəkmədi, özündə qaldı.

İzi içindəki közündə qaldı,

Nəfəs var, həyat yox, burdan o yana.

***

Yandırır yaranan yazılmadıqca,

Qəlbdəki qələmlə cızılmadıqca.

Ürəkdən dünyaya sızılmadıqca,

Nəfəs var, həyat yox burdan o yana.

***

Bir bədən min məhkum saxlar içində,

Bir rəssamın min rəng ağlar içində.

Ürək yanıb qalar dağlar içində,

Nəfəs var, həyat yox burdan o yana.

***

Gün gəlir, hər şeyə həvəs də ölür,

Quşu ilə birgə qəfəs də ölür.

Rəsmlər insan adlı qəfəsdə ölür,

Nəfəs var, həyat yox burdan o yana.

SƏN HƏMİN TANRI OL

Çiçək tikan açır, yar bağçasında,

Bağça yarındırsa, nə gül, nə tikan?

Nə vaxt nə istəsən, nəyi soruşsan,

Dərd-sər verəcəkdir hər qapı-dükan.

***

Hələ də sualsan illərdən mənə,

Hələ bilmədiyim gör nələrin var.

Sən ən tanıdığım, ən doğma adam,

Sənin də görünməz iynələrin var.

***

Bu səssiz, sədasız göyqurşağının,

İldırımlar çaxar, yanar içində.

Ay dönər, il keçər, baxıb görərsən,

Bir az da əğyar var, hər yar içində.

***

Nə olar, dəyişmə, qurbanın olum,

Necə sevmişəmsə, elə qal məndə.

Nə dinim dəyişib, nə də kitabım,

Sən həmin Tanrı ol, mən həmin bəndə.

Hazırladı: İsa Rəvan