Körfəz ölkələri İranın İsraillə müharibəsində maraqlı deyil

Körfəz ölkələri İranın İsraillə müharibəsində maraqlı deyil

2 Oktyabr 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Körfəz ərəb ölkələri regionda müharibədə maraqlı deyil və ABŞ-dan İsraili cilovlamağı xahiş edəcək. Bu fikri TASS-a keçmiş hind diplomatı və beynəlxalq təhlükəsizlik üzrə ekspert Melkulanqara Bhadrakumar Yaxın Şərqdə baş verənləri şərh edərkən bildirib.

"Heç kim orada müharibə istəmir. Təbii ki, Fars körfəzi regionunun ərəb ölkələri keçmişdən fərqli olaraq ABŞ-ı İsraili cilovlamağa çağıracaq. Onlar İranın da iştirak etdiyi müharibədə maraqlı deyillər".

Onun sözlərinə görə, Hindistan hakimiyyətinin cari hadisələri dəyərləndirməsi ondan ibarətdir ki, baş verənlər İran və İsrail, “deməli, İran və ABŞ” arasında tammiqyaslı hərbi qarşıdurmaya çevrilməyəcək. O qeyd edib ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin iki gəmisi və bir sahil mühafizə gəmisi Fars körfəzində təlim manevrləri üçün İranın Bəndər Abbas limanına gəlib və ciddi münaqişənin real təhlükəsi olduğu halda bunun baş verməsi ehtimalı azdır.

Hindistanlı ekspert “İsraillilərin İrana hava zərbəsi endirməsi son dərəcə çətindir, çünki onlar İordaniya, Suriya və İraqın hava məkanından keçməli olacaqlar” faktını da mühüm amil adlandırıb. "Əlbəttə ki, ərəb ölkələri buna icazə verməyəcək. İran onlara çatdırıb ki, İsrailin öz hava məkanından istifadə etməsinə icazə verməməlidirlər, ona görə də bu baş verməyəcək".

Oxuməni.az