Gürcüstanın hakim partiyası yenidən prezidentin impiçmenti proseduruna başlayıb
Respublikanın hakim partiyası olan Gürcü Arzusu Partiyası prezident Salome Zurabişvilinin xaricə razılaşdırılmamış səfərləri ilə əlaqədar onun impiçment prosedurunu yenidən başlatmaq niyyətindədir, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Deputatlar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.
Papuaşvili əlavə edib ki, Salome Zurabişvilinin Əsas Qanunu pozması rəsmən təsdiqləndikdən sonra yeni çağırış parlamenti ilk iclaslarda bu qərara dəstək üçün ən azı 100 səs toplayaraq ona impiçment elan edə biləcək.
Parlamentin spikeri xatırladıb ki, Zurabişvilinin prezidentlik müddəti bu il başa çatır, ona görə də onun impiçment yolu ilə istefaya göndərilməsi daha çox simvolik məna daşıyır, lakin “gürcü xalqının Əsas Qanununun qəsdən, kobud və sistemli şəkildə pozulması cəzasız qala bilməz”.
“Biz bu vəziyyəti gözardı edə bilmərik. Konstitusiyanı pozan Salome Zurabişvili keçmiş prezident deyil, devrilmiş prezident olaraq qalmalıdır ki, bu da presedent kimi gələcəkdə belə özbaşınalığın qarşısının alınmasında və Gürcüstan demokratiyasının möhkəmlənməsində mühüm qabaqlayıcı rol oynayacaq”, - deyə Şalva Papuaşvili bildirib.
Bir il əvvəl Gürcüstan parlamenti artıq oxşar təşəbbüsü nəzərdən keçirirdi və səsvermənin nəticələrinə əsasən, Zurabişvilini impiçment edə bilmədi.
Respublika qanunvericiliyinə görə, deputatlar dövlət başçısının vəzifədən kənarlaşdırılması barədə qərar qəbul etmədikdə, məsələyə xitam verilmiş hesab olunur və bir il ərzində dövlət başçısına oxşar ittiham irəli sürülə bilməz.
Oxuməni.az