Nepalda itkin düşən rusiyalı alpinistlər ölüb
Oktyabrın 6-da Nepalda Dhaulagiri dağını fəth etməyə cəhd edərkən itkin düşən 5 rusiyalı alpinist ölü tapılıb, xilasedicilər bildiriblər.
Xilasetmə əməliyyatını aparan Heli Everest şirkətinin direktoru Mingma Sherpa Himalayan Times qəzetinə deyib: "Cəsədlər 7100 metr yüksəklikdə xilasedici helikopter tərəfindən aşkar edilib".
Alpinistlərin 7600 metr hündürlükdən yıxıldığı güman edilir.
Ekspedisiyanın təşkilatçısı, I AM Trekking & Expedition şirkətinin icraçı direktoru Pemba Canqba Şerpanın sözlərinə görə, Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoydan ibarət qrupla yüksək hündürlüyə çıxan zaman onlarla əlaqə kəsilib.
Dhaulagiri (8167 m, “Ağ Dağ”) Nepalın mərkəzində Himalay dağlarında yerləşən planetin yeddinci zirvəsidir. Dağ eyniadlı massivin bir hissəsidir, beş zirvəsi 7,5 min metrdən çoxdur.
Oxuməni.az