Rusiya sərhədçiləri Ermənistan və İran sərhədini tərk edəcəklər

Rusiya sərhədçiləri Ermənistan və İran sərhədini tərk edəcəklər

9 Oktyabr 16:02
Bəyəndim (2) Bəyənmədim (0)

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq - onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri əvəz edəcək. Belə bir razılıq Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib.

“2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının da iştirak etməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, Ermənistan-İran sərhədində keçid məntəqəsi yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək”,- baş nazirinin mətbuat katibi özünün “Facebook” səhifəsində yazıb.

Məlumata görə, Paşinyan Rusiya sərhədçilərinin Ermənistan və İran arasındakı sərhədin nəzarət məntəqəsində xidmət etdiyi üçün Putinə təşəkkür edib.

Bundan əvvəl, 2024-cü il avqustun 1-dən Rusiya sərhədçiləri Yerevan Zvartnots hava limanında sərhəd-keçid məntəqəsində xidmətini dayandırıblar.

Qeyd edək ki, Rusiya sərhədçiləri Rusiya ilə Ermənistan arasında 1992-ci il 30 sentyabr tarixli müqavilənin Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və onların fəaliyyət göstərmə şərtlərini müəyyən edən 8-ci maddəsinə uyğun olaraq yerləşdirilib.

Almaz Həsənli