Rusiya “Taliban”ı terrorçular siyahısından çıxarır
Dövlət Dumasına “Taliban” islam radikal hərəkatının Rusiyada terror təşkilatları siyahısından çıxarılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib. Dumanın məlumat bazasında sənədlər paketi dərc olunub.
Sənəd “terrorizmi təşviq etmək, haqq qazandırmaq və dəstəkləmək məqsədi daşıyan fəaliyyəti dayandıran” təşkilatın siyahıdan çıxarılmasına imkan verəcək. Məhkəmə müvafiq qərar çıxarmalıdır. Qanun layihəsinin müəllifləri yeddi senator və beş deputat – “Vahid Rusiya” və “Rusiya Liberal Demokrat Partiyası”nı təmsil edirlər.
Dünən, noyabrın 25-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və nümayəndə heyəti 2021-ci ildə “Taliban”ın hakimiyyəti ələ keçirdiyi Əfqanıstana səfər edib. “Taliban”la görüşdə Şoyqu bildirib ki, Rusiya hökuməti “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq üçün “son mərhələyə” keçib. Bu barədə Əfqanıstanın “Alemarah” onlayn xəbər internet-portalı məlumat yayıb.
Radikal islamçı hərəkat “Taliban” Əfqanıstanda 2021-ci ilin avqustunda ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda prezident Əşrəf Qani hökumətini devirərək hakimiyyətə gəlib.
Almaz Həsənli