ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollar qənaət edib
ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollardan çox lüzumsuz xərclərdən yayınıb. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, hətta bu ilkin mərhələdə ABŞ-ın yeni administrasiyasının “Birinci Amerika” siyasətinə uyğun olmayan məqsədlər üçün 1 milyard dollardan çox vəsaitin xərclənməsinin qarşısı alınıb. Dövlət Departamenti qeyd edib ki, digər ölkələrə yardıma yenidən baxılması artıq öz bəhrəsini verir.
“Son illərdə Ukraynaya göstərdiyi səxavətli dəstəyi nəzərə almasaq belə, Birləşmiş Ştatlar hər il başqa ölkələrə yardım üçün təxminən 70 milyard dollar xərcləyir”, - bəyanatda deyilir.
Mətndə həmçinin deyilir ki, ABŞ vətəndaşları “xərclədiyimiz hər bir dollara görə şəffaflıq və hesabatlılığa layiqdirlər, xüsusən də bu dollar evdə deyil, xaricdə xərcləndikdə”.
Yanvarın 25-də ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə maliyyə yardımı proqramlarının əksəriyyətinin dayandırılması barədə göstəriş verib. Bundan əvvəl Donald Tramp prezidentliyinin elə ilk günündə oxşar fərman imzalamışdı. Eyni zamanda, Qərb mediasındakı nəşrlərə görə, hər iki sənəd təfsir üçün geniş imkanlar buraxacaq şəkildə tərtib edilmişdir.
Əziz Mustafa, Oxuməni.az