
Yeni Roma Papası mayın 5-də seçilə bilər
Yeni Papanın qapalı seçilməsi (konklavın) Kardinallar Konqreqasiyasının qəbul etdiyi ritual təqvimə əsasən, mayın 5-də baş tuta bilər. Bununla bağlı yekun qərar aprelin 26-da Papa Fransiskin dəfn mərasimindən sonra veriləcək.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti bildirib ki, kardinalların dünənki iclasında Papa Fransisk üçün dəfn günündən mayın 4-dək 9 günlük matəm elan edilməsi qərara alınıb.İlk ritual aprelin 26-da keçiriləcək, daha sonra isə hər gün Müqəddəs Pyotr Bazilikasında davam etdiriləcək. Orada Roma Katolik Kilsəsinin nümayəndələri iştirak edəcəklər.
Roma Papası vəzifəsinə əsas namizədlərdən biri də Müqəddəs Taxt-Tacın dövlət katibi, italyan kardinal Pietro Parolin hesab edilir. O, 13 ildir ki, Roma Katolik Kilsəsinin iyerarxiyasında ikinci şəxs hesab olunur.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.Həkimlərin rəsmi qənaətinə görə, ölümün səbəbi beyin insultudur.
Almaz Həsənli