Mask “Tesla”nın gəlirlərinin azaldığına görə DOGE-da iştirakını azaldacaq

Mask “Tesla”nın gəlirlərinin azaldığına görə DOGE-da iştirakını azaldacaq

12:23
Bəyəndim (2) Bəyənmədim (0)

Amerikalı iş adamı İlon Mask, may ayından etibarən Hökumətin Effektivliyi Departamentində (DOGE) iştirakını əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb. Milyarder bu qərarı onun şirkəti “Tesla”-nın gəlirlərinin azalması fonunda verib. Bu barədə “Associated Press” məlumat yayıb.

Mask, indi "həftədə bir və ya iki gün dövlət işlərinə" sərf etməyi gözlədiyini söyləyib.

Aprelin 22-də “Tesla” birinci rüb üçün mənfəətinin 71%, gəlirinin isə 9% azaldığını bildirdi.

“Tesla”-nın 2025-ci ilin birinci rübündə elektrikli avtomobil satışları illik müqayisədə 13% azalaraq 336 681 ədəd olub. Bu, 2022-ci ilin üçüncü rübündən bəri ən pis göstəricidir, analitiklər isə 360.000-390.000 avtomobil aralığında satış proqnozlaşdırmışdılar.

“Tesla” Avropada tələbatın kəskin azalması, Maskın şərhləri və hərəkətləri nəticəsində yaranan etirazlar da daxil olmaqla bir sıra problemlərlə üzləşib. Şirkət həmçinin ABŞ-ın artan idxal tariflərinin təzyiqinə məruz qalıb ki, bu da digər avtomobil istehsalçıları olduğu kimi onun biznesinə zərər vurur.

Aprelin 20-də məlum olub ki, “Tesla” ABŞ-da “Model Y” krossoverinin büdcə versiyasının istehsalına başlamasını ən azı bir neçə ay təxirə salıb. Şirkət ilkin olaraq bu modelin istehsalına 2025-ci ilin birinci yarısında başlamağı planlaşdırırdı. “Tesla” 2026-cı ildə ABŞ-da 250 min büdcəli elektrik avtomobili istehsal etmək niyyətində idi. Yeni avtomobilin Çin və Avropada da istehsalı planlaşdırılırdı.

Almaz Həsənli