
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
Tramp administrasiyası universitet üçün ayrılan 2,2 milyard dolları dondurduqdan sonra Harvard Universiteti məhkəməyə müraciət edib. Bu barədə universitetin prezidenti Alan Qarber açıqlama verib.
"Biz maliyyələşdirmənin dondurulmasını ləğv etmək üçün məhkəməyə müraciət etdik, çünki bu, qeyri-qanuni və hökumətin səlahiyyətindən kənardır", - Qarber deyib.
O qeyd edib ki, Tramp administrasiyasının hərəkətlərinin nəticələri “ciddi və uzunmüddətli olacaq”. O, tibbi, elmi və texnoloji tədqiqatların kəsilməsinin "ölkənin amerikalıların həyatını xilas etmək qabiliyyətinə xələl gətirdiyini" və "Amerikanın innovasiyada qlobal lider kimi mövqeyini qoruduğunu" söyləyib.
Qarber əlavə edib ki, ABŞ hakimiyyəti öz hərəkətlərinin izahı kimi universitet şəhərciklərində antisemit etirazları göstərir. "Bir yəhudi və amerikalı kimi mən çox yaxşı bilirəm ki, antisemitizmin artması ilə bağlı qanuni narahatlıqlar var. Bu problemin effektiv şəkildə həlli anlayış, öhdəlik və sayıqlıq tələb edir. Harvard bu işə ciddi yanaşır. Biz qanundan irəli gələn öhdəliklərimizə tam əməl etdiyimiz üçün nifrətlə mübarizəni bütün təcili surətdə davam etdirəcəyik. Bu, təkcə bizim hüquqi məsuliyyətimiz deyil" deyib.
“Reuters” xəbər verir ki, iddia Boston federal məhkəməsinə verilib. Burada müttəhimlər qismində müxtəlif məmurların və dövlət qurumlarının adları çəkilir.
Ağ Evin nümayəndəsi Harrison Filds universitetin iddiasını şərh edərkən Harvard kimi müəssisələr üçün federal yardım proqramının sona çatdığını bildirib. O deyib ki, “vergi ödəyicilərinin vəsaitləri imtiyazdır və Harvard bu imtiyazı əldə etmək üçün əsas tələblərə cavab vermir”.
Aprelin 11-də ABŞ hökuməti Harvarda məktub göndərərək federal maliyyəni yalnız universitetin geniş islahatlar aparacağı təqdirdə saxlayacağını bildirdi. Əks halda, hakimiyyət təxminən doqquz milyard dollarlıq maliyyələşdirməni dayandırmaqla hədələyib. Tramp administrasiyası hesab edir ki, Amerika universitetləri, o cümlədən Harvard, Qəzzada müharibəyə qarşı keçən ilki etirazlar zamanı antisemitizmin yaranmasına icazə verib.
“The Wall Street Journal” yazır ki, Tramp administrasiyası Harvard Universitetini əlavə 1 milyard dollar maliyyə vəsaitindən məhrum etməyi planlaşdırır. Söhbət səhiyyə sahəsində tədqiqatlara ayrılan vəsaitdən gedir.
Almaz Həsənli