İtalyan modelyer Corco Armani vəfat edib

İtalyan modelyer Corco Armani vəfat edib

10:53
Bəyəndim (2) Bəyənmədim (0)

İtaliyalı modelyer və sahibkar Corco Armani 91 yaşında vəfat edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
“Armani Qrupu böyük kədər hissi ilə onun yaradıcısı, qurucusu və yorulmaz hərəkətverici qüvvəsi Corco Armaninin vəfatını elan edir”, - onun təsis etdiyi şirkətin bəyanatında deyilir. Həmçinin dizaynerin yaxınlarının əhatəsində dünyasını dəyişdiyi bildirilib. Ölümün səbəbi açıqlanmayıb.
İyun ayında Corco Armani səhhətində yaranan problemlər səbəbindən qrupunun Milanda Kişi Moda Həftəsindəki nümayişlərini tərk etmək məcburiyyətində qalıb. Karyerasında ilk dəfə idi ki, belə bir tədbiri qaçırırdı.
“Reuters”-in qeyd etdiyi kimi, Armani müasir italyan üslubunun və zərifliyinin təcəssümü idi. O, illik dövriyyəsi 2,3 milyard avro olan şirkəti idarə edərək dizayner kimi istedadını işgüzarlığı ilə birləşdirib.
“Reuters” xəbər verir ki, "Re Giorgio" - "Kral Corco " kimi tanınan dizayner reklamdan tutmuş modellərin saç düzümünə qədər kolleksiyalarının hər bir detalına və biznesinin bütün aspektlərinə nəzarət etməklə tanınırdı. Son günlərinə qədər Armani yaradıcı və CEO, həmçinin “Armani Group” unun yeganə səhmdarı olaraq qaldı. Armani böyük holdinqə daxil olmayan bir neçə moda evindən biri olaraq qalır.
“Armani Group” 6 və 7 sentyabr tarixlərində Milanda anım mərasimi keçirəcəyini bildirib. Tarixi hələ müəyyən edilməmiş dəfn mərasimi geniş ictimaiyyətə qapalı olacaq.
Almaz Həsənli