“Sülh sazişi üzərində iş gedir” – Azərbaycandan ilk rəsmi açıqlama

“Sülh sazişi üzərində iş gedir” – Azərbaycandan ilk rəsmi açıqlama

30 Sentyabr 2022 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

“Sülh sazişi üzərində iş gedir, amma bu mövzuda inkişaf görmürəm”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Yenisabah.az-a açıqlamasında deyib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatına münasibət bildirib.

Xatırladaq ki, Rusiyanın XİN rəhbəri Ermənistan və Azərbaycan sərhədinə KTMT qüvvələrinin yerləşdirilməsinin müzakirə olunduğunu, habelə sülh sazişinin də hazırlandığını qeyd edib.

F. Şəfiyev vurğulayıb ki, sülh sazişi mövzusunda inkişaf görmür:

“Sülh sazişi üzərində iş gedir, amma bu mövzuda inkişaf görmürəm. Gözləyək görək necə olacaq. Xatırladım ki, Cenevrədə XİN rəhbərlərinin növbəti görüş olmalıdır. Bu görüşdən nə çıxacaq, nəticə nə olacaq, bilinmir. Bu çox vacibdir. Xüsusən sentyabrda olan sərhəd təxribatlarından sonra məhz Cenevrə görüşü bir çox şeyləri həll etməlidir, bilməliyik ki, hansı istiqamətdə gedirik”.

KTMT qüvvələrinin sərhəddə yerləşdirilməsi məsələsindən söz açan F. Şəfiyev əlavə edib:

“KTMT qüvvələrinin sərhəddə yerləşdirilməsinə gəlincə, Ermənistan indi Azərbaycana müxtəlif yollarla təzyiq etmək istəyir və hazırda söhbət həm Fransa, həm də KTMT qüvvələrinin sərhəddə yerləşdirilməsindən gedir.

Bu məsələdə bir sıra suallar var. Məsələn, yeni “sülhməramlar” sərhədin harasında yerləşəcək? Ermənistan istənilən qüvvələri öz ərazisində yerləşdirə bilər, onsuz da orada Rusiya hərbçiləri var. Bu məsələyə müdaxilə edə bilmərik. Amma əsas məsələ Azərbaycan bu mexanizmi qəbul edəcək, ya yox?

Bir neçə sual ortaya çıxır: birincisi, onlar hansı ərazidə dayanacaqlar? Çünki hər zaman danışılır ki, əvvəl delimitasiya aparılmalıdır və sərhəd müəyyən olunmalıdır. Yenə deyirəm, əgər Ermənistan öz tərəfində, yəni hazırkı təmas xəttində onları yerləşdirəcəksə, bu, onların öz işidir. Lakin Azərbaycan nə edəcək? Baxmayaraq ki, ən vacib məsələ delimitasiya və demarkasiyadır".

“İkinci mühüm məsələ Qazax rayonunun anklavlarıdır. Əraziyə dislokasiya olunan qüvvələr həmin anklavlarda damı yerləşəcək? Başa düşmək olmur onlar işğalı legitimləşdirmək istəyir, yoxsa həmin ərazini müdafiə altına alırlar”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.