İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb
İsveç Paris Sazişinə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən Zərər və İtki Fonduna 200 milyon kron (18 milyon ABŞ dollarından çox) töhfə verəcək.
Bu barədə İsveç hökumətinin press-relizində deyilir.
İsveçin yardım və xarici ticarət naziri Benjamin Dusa bildirib: “İsveç artıq oxşar təşəbbüslərin əsas donorudur və buna görə də biz effektiv əlavə olaraq yeni fondun inkişafına töhfə vermək istəyirik”.
İqlim və ətraf mühit naziri Romina Purmuxtarinin sözlərinə görə, İsveç iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyətin sürətləndirilməsində çox maraqlıdır. O, maliyyə vəsaitinin lazımi səviyyədə olmasını təmin etmək üçün diqqətli olacağını bildirib.
İsveç artıq BMT-nin Yaşıl İqlim Fonduna (GCF) milyonlarla dollar töhfə verib və yardım göstərməyə davam edir. Belə ki, 2024-cü ildə Stokholm ən az inkişaf etmiş ölkələrdə iqlim böhranı ilə mübarizə üçün qlobal fondlara hər biri 130 milyon kron (təxminən 12 milyon ABŞ dolları) ayırıb.
Bu töhfələr Bakıda davam edən BMT-nin iqlim konfransında İsveç tərəfindən təqdim edilib.
Bununla belə, ayrılan vəsaitin məbləği inflyasiya ilə indeksləşdirilmədiyi üçün real ifadədə azalır. Məbləğlər İsveçin 2019-2023-cü illər üçün qlobal fondlara vəd etdiyinə uyğundur. Vəsaitlər inflyasiyaya görə indeksləşdirilmədiyi üçün bu, Zərər və İtki Fonduna yeni töhfə olmasına baxmayaraq, depozitlərin real azalması ilə nəticələnir.
Yaşıllar Partiyasının həmsədri Amanda Lind yazdığı şərhlərdə nazirlərin sözlərini “boş” adlandırıb. O deyib: “Bugünkü anons effektiv şəkildə Yaşıl İqlim Fonduna dəstəyin azaldılması deməkdir”.
“Aurora” gənclər təşkilatı da bu töhfəni tənqid edib və bildirib ki, ayrılan vəsait İsveçin kömür, neft və qaz sənayesinə ayırdığı subsidiyaların bir faizindən də azını təşkil edir.
“Mən İsveçin bu danışıqlarda məsuliyyətli iştirakçı kimi görünməsindən çox yorulmuşam. Biz kasıb ölkələrdə ucuz işçi qüvvəsi və təbii resurslardan istifadə edirik, qazancın böyük hissəsini özümüzə götürürük, sonra başqa ölkələr bizim vurduğumuz zərərə görə heç olmasa bir az vəsait tələb edəndə, şikayətlənirik. Baş müzakirəçimizin (Mattias Frumeri – red.) məqsədinə nail olub-olmayacağını bilmirəm, amma bəlkə də o, böyük İsveç şirkətləri üçün faydalı danışıqlar apara biləcək”, -deyə “Aurora” təşkilatından Duqlas Malm Rat bildirib.
Gənclər birliyinin sədri Radda Barnen Varda Abdalla da narazılığını bildirib.
“Hökumət karbon emissiyalarımızı hər gün artırır və mən 1,5 dərəcə Selsi hədəfinə əhəmiyyətli qurbanlar vermədən necə çata biləcəyimizi anlamıram. İsveç və digər yüksək gəlirli ölkələr emissiyaların 86 faizinə, aşağı gəlirli ölkələr isə 14 faizinə cavabdehdir, lakin onlar dəymiş ziyana görə kompensasiya tələb etdikdə bu, narazılığa səbəb olur”, -deyə Varda Abdalla İsveçin COP29-da müzakirəçisi Mattias Frumerinin çıxışından sonra bildirib.
Oxuməni.az