ABŞ-ın yeni “geopolitik labirinti”: Ağ Ev öz rəqiblərini Talibana möhtac edir
ABŞ-ın tərk etdiyi “Əfqanıstan bataqlığı” bəzi dövlətlər arasında “nifaq alması”na çevrilməyə başlayıb; Ağ Ev Talibandan yeni “geopolitik silah” kimi istifadə etmək şansı qazanıb...
ABŞ-ın “Əfqanıstan bataqlığı”ndan çıxması dünyada yeni situasiya yaratmağa başlayıb. İndi əsas beynəlxalq siyasi iradə mərkəzləri bu yeni situasiyada necə davranmağın daha doğru olduğunu düşünmək məcburiyyətində qalıblar. Və əfqan xalqının gələcək taleyi ilə bağlı deyil, məhz yalnız öz mənfəətləri barədə narahat olduqları da açıq-aşkar nəzərə çarpır.
Hazırda “Əfqanıstan bataqlığı”nı öz üçün ciddi təhlükəsizlik problemi hesab edən dövlətlər demək olar ki, çaşqın durumdadırlar. Çünki, bu yeni situasiyaya hazırlıqsız yaxalandıqları üçün hələlik nə edəcəklərini dəqiq müəyyən etməyə imkan tapmayıblar. Və bu səbəbdən də tələsik addımlar atmaq cəhdləri ilə diqqəti çəkirlər.
Belə anlaşılır ki, ABŞ kifayət qədər təsirli geopolitik gediş edib. Öz əksər beynəlxalq rəqiblərini müəyyən mənada, “pat” vəziyyətinə sala bilib. Bu isə o deməkdir ki, ABŞ-ın Əfqanıstanda məğlub olması barədə iddialar tamamilə yanlışdır və hətta bəzi hallarda qərəzli xarakter daşıyır.
![]()
Düzdür, ABŞ və NATO-nun Əfqanıstandan hərbi bazalarını çıxartması Ağ Evin beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu. Ancaq yəqin ki, Ağ Evdə bunun belə olacağını əvvəlcədən hesablamamış deyildilər. ABŞ atdığı addımların xeyrini və zərərini tam dəqiqliyi ilə hesablamağı bacaran superdövlətdir. Bu baxımdan, ABŞ-ın Əfqanıstana girəndə də, oradan çıxanda da mənfəət əldə etdiyi qətiyyən şübhə doğurmur.
Eyni zamanda, Ağ Evin Əfqanıstanda xərclədiyi bir trilyon dolların boşa getdiyini iddia edənlər də tamamilə yanılırlar. ABŞ Əfqanıstana yatırdığı maliyyə vəsaitini bu ölkədə mövcudluğu sayəsində qazandığı geopolitik üstünlüklər hesabına artıq çoxdan çıxarıb. Bu, mümkün olmayacağı təqdirdə, ABŞ heç bir halda, Əfqanıstana hərbi kontingent yerləşdirməzdi.
Bir çoxları indi sadəlövhcəsinə təəccüblənirlər ki, ABŞ-ın təlim keçib, ən müasir hərbi texnika ilə silahlandırdığı 300 min nəfərlik Əfqanıstan ordusu Talibanın 40-50 minlik silahlı dəstələri məğlub oldu. Halbuki, həmin 300 minlik, yaxşı silahlanmış Əfqanıstan ordusunun Ağ Evdən gələn təlimatla təslim olub, ən müasir hərbi texnikanı da Talibana təhvil verə biləcəyini nəzərə almaq istrəmirlər. Yəni, ABŞ yalnız Əfqanıstanı Talibana qaytarmadı, həm də bu radikal qruplaşmanı müasir hərbi texnika ilə də silahlandırmış oldu.
Halbuki başqa variantda ABŞ-ın Talibana silah və hərbi texnika ötürməsi mümkün ola bilməzdi. Hər halda, Ağ Evin bunu dünya ictimaiyyətinə izah etmək çox çətin olardı. İndisə, belə bir problem mövcud deyil, bütün günahı “qorxaq” Əfqanıstan ordusunun üzərində yıxmaq mümkündür.
Bütün bu baş verənlərin əsas nəticələri isə yaxın vaxtlarda tədricən ortaya çıxmağa başlayacaq. İndilikdə mövcud olan reallıqlar çox sadə və konkretdir. Birincisi, ABŞ “Əfqanıstan bataqlığı”ndan tamamilə çıxsa da, öz arxasında buraxdığı bir çox önəmli təsir faktorları sayəsində əlini həmişə bu ölkənin üzərində saxlaya biləcək.
İkincisi, Ağ Ev öz beynəlxalq rəqibləri üçün Əfqanıstan və ətraf bölgədə Talibanın timsalında yeni “geopolitik labirint” qurmağa nail olub. Və bu “geopolitik labirint” Ağ Evin beynəlxalq rəqiblərini ABŞ-ın çıxdığı “Əfqanıstan bataqlığı”na doğru çəkib, aparır.
Son müşahidələr əsasən, ABŞ-ın bu planının artıq nəticə verdiyini də iddia etmək olar. Belə ki, ABŞ-ın bəzi beynəlxalq rəqibləri artıq Ağ Evin yeni “geopolitik labirint”ində vurnuxmağa başladıqları nəzərə çarpır. Və zaman keçdikcə, həmin “labirint”də “xaotik vurnuxanlar”ın sayının artacağı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, bəzi dövlətlər Əfqanıstanın yeni Taliban hakimiyyəti ilə əlaqələrin qurulması üçün yollar axtarmağa başlayıblar. İndi bu proses əsasən iki istiqamət üzrə inkişaf etməkdədir. Birinci istiqamət üzrə Talibanla ünsiyyət yolları tapmağa çalışan dövlətlər hərəkər edirlər. İkinci istiqamət isə Talibanın özünün münasibətlər qurmaqda maraqlı olduğu dövlətlərə aiddir.
Maraqlıdır ki, Taliban hazırda Türkiyə, Pakistan və bəzi digər müsəlman ölkələrinə ciddi maraq göstərir. Xüsusilə də, Taliban təmsilçiləri Türkiyəyə yönəlik isti mesajların verilməsində həvəsli davranırlar. Rəsmi Ankaranın dəstəyinə ümid bəslədiklərinə eyham vururlar.
Rusiya, Çin, Hindistan və s. bu kimi ölkələr isə Talibana yaxınlaşmaq üçün özləri təşəbbüs göstərirlər. Ona görə də, hesab etmək olar ki, tezliklə Əfqanıstanda yeni mövqelərin qazanılması istiqamətində ciddi rəqbətin ola biləcəyi qətiyyən istisna deyil. Və belə olacağı təqdirdə, bəzi dövlətlərin arasında münasibətlərin pozularaq, gərginləşməsi də baş verə bilər.
Onu da qeyd edək ki, Avropa Birliyi Əfqanıstanda və bu dövlətin ətrafında baş verənlərdən narahat olduğunu gizlətməkdə çətinlik çəkir. Üstəlik, Avropa Birliyinin böyük həvəslə Əfqanıstana can atdığı da qətiyyən diqqətdən yayınmır. Və bu baxımdan, yaxın vaxtlarda Avropa Birliyini də ABŞ-ın qurduğu “geopolitik labirint”in içərisində peyda olarsa, o qədər də təəccüb doğurmayacaq.
Məsələ ondadır ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozep Boppell qurumu Əfqanıstan hakimiyyəti ilə münasibətlərin qurulmasına çağırıb: “Biz Əfqanıstan hakimiyyəti ilə danışıqlara başlamalıyıq. Ancaq bu, Talibanın legitim hakimiyyət kimi tanınması anlamı daşımayacaq”.
![]()
Bu, kifayət qədər ziddiyyətli yanaşmadır. Çünki Avropa Birliyinin legitimliyini tanımadığı Talibanla necə hüquqi anlaşmalar əldə edəcəyini təsəvvür etmək çox çətindir. Və bu ziddiyyətli yanaşma Avropa Birliyinin rəqiblərin Əfqanıstana daha əvvəl yerləşə biləcəyindən narahat olmasından qaynaqlanır.
Maraqlıdır ki, J.Borrell öz açıqlamasında Avropa Birliyi üçün problem yarada biləcək məqamlara da toxunub. O, bildirib ki, Türkiyə, Çin və Rusiyanın Əfqanıstanda öz təsir imkanlarını gücləndirmək şansları var. Yəqin ki, Hindistan və Pakistan isə öz təsir dairələrini daha da genişləndirməyə çalışacaq: “Unutmaq olmaz ki, bu region yaxın gələcəkdə bizim üçün böyük əhəmiyyət qazana bilər”.
Göründüyü kimi, Əfqanıstan uğrunda artıq yeni mübarizənin başlandığının ilkin əlamətləri nəzərə çarpır. Bu mübarizə onun iştirakçıları arasında kəskin qarşıdurmalara da yol aça bilər. Və bu, baş verərsə, ABŞ-ın öz yeni “geopolitik labirint”indən məmnun qalacağı da artıq indidən şübhə doğurmur. Musavat.com






































































.jpg)























