21 Dekabr tarixi barədə düşüncələrim

21 Dekabr tarixi barədə düşüncələrim

5 Dekabr 2012 13:42
Bəyəndim (0) Bəyənmədim (0)
““Sədərək” ticarət mərkəzində bəzi satıcılar “21 dekabr şamlarından qalmadı” deyə alıcılara səslənirdilər”

Hörmətli redaksiya və sevimli OXUcular! Bu həftəki məqaləmdə sizlərə son zamanlar öz aktuallığı ilə seçilən bir mövzudan söhbət açacağam...

21 dekabr 2012-ci il! Bu tarix kiminə qorxu, kiminə yumor, kiminə isə şans verməkdədir. Belə ki, heç bir elmi əsası olmayan, sadəcə bəzi fərziyyələrə söykənən bu tarix bir çox insan arasında qorxu yaratmaqda davam edir. İnsanların toplaşdığı yerlərdə, çayxanalarda, parklarda, avtobuslarda çox vaxt söhbətlərin əsasını bu xəbərlər təşkil edir. Millətimizin Qarabağ kimi dərdi var. Heç bu dərd üçün belə birlikdə toplanıb söhbətlər edib çıxış yolu axtarmırıq.
Dünyanın bir çox ölkələrində 21 dekabr tarixi üçün bəzi insanlar hazırlıqlar görür. Bəziləri hətta Nuhun gəmisini xatırladan gəmilər hazırlayır. Çox təəssüf ki, bizim ölkəmizdə də bəzi insanlar bu tarixə hələ də inanır...
Bu yaxınlarda "Sədərək" ticarət mərkəzində daha bir maraqlı və gülməli olayın şahidi oldum. Bəzi satıcılar "21 dekabr şamlarından qalmadı" deyə alıcılara səslənirdilər. Hətta həmin şamları qat-qat maya dəyərindən baha satmaqları belə gözümdən qaçmadı. Tutaq ki, həmin tarix doğru çıxdı. Dörd gün dünyanı qaranlıq bürüdü. Özümüz də bilirik ki, günəş batdıqda öz əksini aya verir. Yəni az da olsa, gecələr yer üzərində istilik qalır. Günəş bir gün tam tutulsa, təbii ki, sular belə donar. Qaldı ki o dörd günə... O zaman nə suxarın, nə konservin, nə də ki şamın sənə lazım olmayacaq. Səfərə hazırlaşmırsan ki, bu qədər azuqə sənə lazım olsun. Bəzi şayiələrə uyub ölümün qarşısını almağa çalışırsan? Ölümə çarə varmı? Allahın işinə qarışma! O rəhmli olduğu qədər də qəzəblidir.
Elmsizliyin, avamlığın, dindən bixəbərliyin nəticəsidir bu iyrənc mənzərələr. Bunun nəticəsində də varlananlar banklar, internet portallarının sahibləri və bəzi ticarət mərkəzləridir. Siz özünüz də bunları sınaq edə bilərsiniz. Əgər internetə girib "21 dekabr 2012" yazsanız, həmin vaxt ekrana "dünyanın sonu", "planetlərin paradı", "axirət" və s. kimi bu növ xəbərlər çıxacaq. Bu da həqiqətdir ki, həmin xəbərlər ən çox oxunan xəbərlər sırasındadır.
Unutmayaq ki, keçmişi, indini və gələcəyi yazan da elə ALLAHdır. Onun lütfü olmadan zaman dövr etməz, canlılar nəfəs ala bilməz. Onun işinə qarışmaq isə kafirlikdir. Düzdür, axirət nə vaxtsa olacaq. Amma hansı vaxtda olacağını ALLAHdan başqa heç kəs bilə bilməz. Ən müqəddəs kitabımız olan Qurani-Kərim də bu vaxtdan bixəbərdirsə, gözü dünya malında olan, nəfsinə yenilən bir insanın dünyanın sonunu bilməsi yalandan başqa bir şey deyil.
Əziz OXUcular! Axirətdən qorxmaq qədər də onun şərtlərinə əməl etmək lazımdır. Qorxub Haqqa doğru yönəlmək ona əməl etmək deməkdir. Gəlin haqqın bərqərar olacağı günü, zaman sahibinin yolunu gözləməkdən yorulmayaq. O gün gələcək... O zaman bizə xeyir əməllərimiz lazım olacaq. Fani dünyanın ləzzətinə aldanıb, əbədi dünyanın ləzzətlərindən məhrum olan insan o zaman ayılacaq ki, artıq o zaman əhlət daşı başına çoxdan dəymiş olacaq...
Sevimli dostlar! Bizlərin başına əhlət daşı dəyməmiş düz əməllərimizlə yaşamağa davam edək. Çalışaq bu fani dünyanın mallarına aldanmayaq...
Daimi OXUcu: Sərvər Kamranlı