Rektor qiyabiçi tələbələrlə görüşüb

Rektor qiyabiçi tələbələrlə görüşüb

17 Mart 2016 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi oxuyan birinci kurs tələbələrinin yay imtahan sessiyasının başlanmasına az vaxt qalıb. Artıq imtahan cədvəlləri hazırlanıb, suallar nəzərdə tutulduğu vaxtda tələbələrə verilib, onların dərs müddətində davamiyyətinin qiymətləndirilməsinə başlanılıb. Bununla yanaşı imtahan zalları da tam şəraitə uyğun hazır vəziyyətə gətirilib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə həmişə olduğu kimi bu dəfə də universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov imtahan qabağı tələbələrlə görüşüb, onların qayğıları, problemlərinin olub olmaması ilə maraqlanıb. Əvvəlcə yığcam tərkibdə tələbələri dinləyən rektor günün ikinci yarısında imtahan verəcək 145 nəfərlə görüşüb. Bildirib ki, sizin üçün yaradılan şəffaf mühit və şərait ilk olaraq biliklərinizin düzgün qiymətləndirilməsinə istiqamətləndirilib. Əvvəldən təqdim edilən test suallarını düzgün cavablandırmaq artıq akademik məsləhətçilərdən və müəllimlərinizdən nə dərəcədə öyrənməyinizdən asılıdır.

Hər iki görüşdə tələbələr onları düşündürən suallar səsləndirib və yerindəcə ədalətli cavab alıblar. Təhsil haqqını tam ödəyə bilməyən tələbələrin isə imtahana buraxılmasında problem olmayacağı deyilib.

Əlihüseyn ŞÜKÜROV