Azərbaycan vətəndaşını “arbalet”lə öldürən qadın killer yaxalanıb
Rusiyada Azərbaycan vətəndaşını sualtı ov üçün nəzərdə tutulan və "arbalet" (qundaqlı ox-yay) adlanan alətlə qətlə yetirən qadın killer yaxalanıb.
Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sentyabrın 12-dən 13-nə keçən gecə Moskva dairəvi avtomobil yolunda üzərində deşici alət yarası olan naməlum kişi meyiti aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində sentyabrın 20-nə keçən gecə qətli törətmiş 33 yaşlı Moskva vilayətinin Jeleznodorojnıy şəhər sakini və qətlin təşkilatçısı olan 41 yaşlı Moskva sakini yaxalanıb.
Müstəntiqlər hesab edir ki, qətlin təşkilatçısı ona borcu olan və borcu qaytarmaq istəməyən şəxsləri öldürmək qərarına gəlib. O, bu məqsədlə qadın killerlə anlaşıb və "arbalet" əldə edib. Öz niyyətini həyata keçirmək və silahı praktikada sınaqdan keçirmək üçün qadın yol ətrafındakı kafelərdən birində 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı ilə tanış olub və onu daha sonra "qardaşı" kimi qələmə verdiyi məlum kişi ilə tanış etməyə aparıb. Tanışlıq zamanı qadın daha əvvəl kolluqda gizlədilmiş "arbalet"dən azərbaycanlının kürəyinə atəş açıb. Azərbaycan vətəndaşı aldığı yaradan hadisə yerində ölüb.
Qətli təşkil edən və həyata keçirən qadın və kişiyə "bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qətl törədilməsi" maddəsi ilə cinayət işi qaldırılıb.
O.M.