Məcburi köçkünləri aldadan dələduz qadına 10 illik həbs cəzası istənilib

Məcburi köçkünləri aldadan dələduz qadına 10 illik həbs cəzası istənilib

26 May 2017 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, G. Muxtarovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Tarif Nəsirov hüquqlarını müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsə son söz üçün vaxt verib.

Proses mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu "Ümid" qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.

G. Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb.

Mediainfo.az