Ankara Stokholmdan “konkret addımlar” gözləyir
Ankara iddia edir ki, İsveç krallığının NATO-ya üzvlüyünü Türkiyənin təsdiqləməsi şərtləri ilə üzərinə götürdüyü öhdəlikləri yarıya qədər belə yerinə yetirməyib.
Oxuməni.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti hələ də terrorizmdə ittiham olunan şəxslərin ekstradisiyası və ya hesablarının dondurulması məsələsi ilə bağlı konkret nəticə gözləyir.
"Əgər biz NATO-nun müttəfiqi olsaq, o zaman terrorla mübarizədə əməkdaşlığa diqqət yetirməliyik. Danışıqlarımız konstruktiv atmosferdə keçmişdi, amma təəssüf ki, Bülent Keneşi ekstradisiyadan imtinası ilə bağlı son qərar ciddi şəkildə danışıqlarımızı pozdu". İsveçin xarici işlər naziri Tobias Billström öz növbəsində Stokholmun öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu bildirib və antiterror qanunvericiliyinin gücləndirilməsinin planlaşdırıldığını açıqlayıb.
"Vurğulamaq istərdim ki, bayaq dediyim kimi, biz öhdəliklərimizə ciddi yanaşırıq. İsveçdə müstəqil ədalət sistemi var və bütün işlərə bu müstəqil sistem vasitəsilə baxılır".İsveç Türkiyədə terror fəaliyyətində ittiham olunan 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.
Ankara Türkiyənin müdafiə şirkətlərinin İsveçdən müəyyən növ məhsulların idxalına müsbət cavab almamasından da narazılığını bildirib.
NATO-ya üzv olan 28 ölkənin parlamentləri artıq İsveç və Finlandiyanın alyansa daxil olmasını ratifikasiya edib. Yalnız Türkiyə və Macarıstan hələlik razılığını verməyib.
Emin Axund, Oxuməni.az