Çeçenistanda rusiyalı jurnalisti döyərək ona ağır bədən xəsarətləri yetiriblər
Çeçenistanda maskalı şəxslər “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və çeçen fəalların anası Zarema Musayevanı müdafiə edən vəkil Aleksandr Nemova hücum ediblər.
Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə ilə bağlı İnsider yazır ki, hücum edənlər jurnalist və vəkilin hava limanından Qroznıya getdiyi avtomobili saxlayıb, onları vəhşicəsinə döyüb, avadanlıq və sənədlərini məhv ediblər.
Xəstəxanada müalicə olunan Nemov çətinliklə danışır və hərəkət edə bilmir. Milaşinanın barmaqları qırılıb, başı qırxılıb və parlaq yaşıl rəngə boyanıb. Jurnalistin həmkarları onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Milaşina və Nemov iyulun 4-də Zarema Musayeva haqqında hökm oxunmaq üçün Qroznıya uçublar. Keçmiş hakim Saydi Yanqulbayevin həyat yoldaşı və çeçen fəalların anası təhlükəsizlik qüvvələrinə “hücum”da ittiham olunur. İyunun 15-də ittiham tərəfi onun 5,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əziz Salamoğlu