Özbəkistanda soyuq hava şəraiti ilə əlaqədar metan yanacaqdoldurma məntəqələrinin fəaliyyəti məhdudlaşdırılıb
Özbəkistan metan yanacaqdoldurma məntəqələrinin iş saatlarını məhdudlaşdırıb. Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, məişət və sosial obyektlərin qaz təchizatında yaranan fasilələrin qarşısının alınması məqsədilə edilib.
İdarədən qeyd olunub ki, son günlər havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar respublika əhalisinin təbii qaza tələbatı artıb. Bu da öz növbəsində əhalinin bu növ yanacağın istehlak həcminin artmasına və qazın təzyiqinin xeyli aşağı düşməsinə səbəb olub. Bu vəziyyət dekabrın 16-dək müşahidə olunacaq.
“Bunun əsasında əhalinin fasiləsiz rejimdə təbii qazla təmin edilməsi məqsədilə metan yanacaqdoldurma məntəqələrinin iş vaxtının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Plana əsasən, metan yanacaqdoldurma məntəqələri səhər saat 06:00-dan 15:00-dək fəaliyyət göstərəcək”, - deyə Energetika Nazirliyinin açıqlamasında bildirilir.
Oxuməni.az