Ziyafət Əsgərov: Prezident İlham Əliyev dövlətin və xalqın əsl Lideri olduğunu tam sübut edib

Ziyafət Əsgərov: Prezident İlham Əliyev dövlətin və xalqın əsl Lideri olduğunu tam sübut edib

24 Dekabr 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

İyirmi il bundan əvvəl İlham Əliyev ilk dəfə Prezident seçilərkən Azərbaycanın dövlət başçısının Xankəndidə çıxış etməsi həmin vaxt xalqımızın ən böyük arzusu idi və bəlkə də kimlərinsə bu arzunun nə vaxtsa reallaşacağına müəyyən şübhələri vardı. Lakin Prezident İlham Əliyevin 2003-cü ildən bu günə kimi, 20 illik prezidentliliyi dövründə baş verən sonrakı hadisələr bütün şübhələrə son qoydu, xalqımızın seçiminin nə qədər düzgün siyasi və tarixi bir qərar olduğunu göstərdi. Çünki xalqımızın qərarı və iradəsi müstəqil Azərbaycanın tarixinə ən şanlı səhifənin yazılmasının səbəbkarı olan, 30 illik işğala son qoyan, Qarabağ həsrətinə, Şuşa həsrətinə son qoyan, Ulu Öndərin xalqımıza miras qoyduğu dövləti, dövlətçilik ənənələrini qoruyaraq daha da inkişaf etdirən, “Dəmir yumruğ”u yaradan Prezidentin - Müzəffər Ali Baş Komandanın seçilməsi ilə nəticələnib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində çıxışı zamanı Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirdiyini vurğuladı: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Onun sözlərinə görə, dövlətimizin başçısının tarixi sözləri məhz Xankəndi şəhərində söylənməsi özü bu sözlərin həqiqiliyini təsdiq edir, onların dəyərini artırır və İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsinin təkzibolunmaz isbatıdır.

“Əlbəttə, ilk dəfə Prezident seçilərkən - 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Ulu Öndərin siyasi varisi, Heydər Əliyev kursunun mükəmməl bilicisi olması və bu kursa sadiqlik İlham Əliyevin qələbəsində böyük rol oynayıb. Lakin xalqın seçimini İlham Əliyevin xeyrinə müəyyən edən amillər həm də onun şəxsi keyfiyyətləri və siyasi fəaliyyəti ilə bağlı idi. İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışı dövründəki deputat fəaliyyəti, AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri kimi uğurları, YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilməsi, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına rəhbərliyinin uğurla nəticələnməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olması, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyəti, Azərbaycan Respublikasının Baş naziri vəzifəsində qazandığı təcrübə, bütün bu uğurlu fəaliyyətin fonunda onun peşəkar siyasətçi kimi formalaşması, idarəetmə qabiliyyəti, intellektual səviyyəsi, bilik və bacarıqları 2003-cü il prezident seçkilərinin nəticələrində böyük rol oynayıb.

Sonrakı prezident seçkilərində İlham Əliyevin qələbəsini şərtləndirən amillər isə artıq onun öz prezidentlik fəaliyyəti, onun rəhbərliyi dövründə dövlətimizin keçdiyi inkişaf yolu ilə bağlı olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, ölkədə sabitliyin qorunması, daim inkişafa, tərəqqiyə, xalqın rifahının yüksəldilməsinə yönələn, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət Prezident İlham Əliyev diplomatiyasının əsasında dayanır. İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsini, milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edərək, paralel olaraq ölkəmizdə tolerantlığın, multikulturalizmin güclənməsinə xidmət etmiş və nəticədə Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb”, - deyə Z.Əsgərov diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev diplomatiyasının əsasında dayanan ən mühüm ideya xalqa arxalanan, xalqa güvənən, xalqın dəstəyi ilə həyata keçirilən, birlik və həmrəylik mühitinin inkişafına xidmət edən dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi siyasətdir. Təsadüfü deyil ki, Prezidentin ən böyük şüarı “Biz birlikdə güclüyük” şüarıdır, düşməni əzən “Dəmir yumruğ”un əsasında da məhz bu şüar dayanır. Azərbaycanda yaşayan bütün xalqlar hər zaman İlham Əliyev siyasətindən bərabər faydalanmış, ölkəmizdə yaşayan ayrı-ayrı millətlər, müxtəlif siyasi baxışlar, dini inanclar arasında heç bir zaman ayrı-seçkilik qoyulmayıb. Bütün bunlar ölkəmizdə sağlam əməkdaşlıq, siyasi dialoq mühitini və son nəticədə ümumxalq birliyini formalaşdırıb. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər və heç bir fərq qoyulmadan bütün siyasi partiyalara bərabər fəaliyyət imkanlarının yaradılması Azərbaycanda demokratik ənənələrin dərinləşməsinə xidmət edir.

Prezident İlham Əliyevin siyasi kursunda gənclər siyasətinə böyük yer verildiyini qeyd edən Z.Əsgərov deyib: “Dövlətin siyasətində xüsusi yer tutan daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, Vətən müharibəsi zamanı Azərbaycan gəncləri istər döyüş meydanında, istərsə də arxa cəbhədə, informasiya müharibəsində ölkənin aparıcı qüvvəsinə çevrilib”.

Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər xüsusi olaraq vurğulanmalıdır. Son 20 il ərzində ümumi daxili məhsul, adambaşına düşən büdcə xərcləri artmış, eləcə də dövlət büdcəsinin illik sosial müdafiə xərcləri, minimum əməkhaqqı, orta aylıq pensiyalar, qeyri-neft-qaz sektorunun gəlirləri, ölkənin xarici ticarət dövriyyəsi, ixracın həcmi, iqtisadiyyata yönəldilən investisiyalar, o cümlədən regionlara yatırılmış investisiyaların həcmi, sənayedə məhsul istehsalının həcmi, strateji valyuta ehtiyatları dəfələrlə artırılıb. Son dövrlərdə isə xüsusən, enerji və nəqliyyat-logistika sahəsində Azərbaycan Prezidentinin xidmətləri və xarici ölkələrlə bu sahədə aparılan uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci ilin iyulunda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun sürətlə icra edilərək Avropaya enerji ixracını artırmağımız ölkəmizə enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazanmışdır. Artıq Azərbaycanın nəinki yalnız neft-qaz sektoruna, iqtisadiyyatın digər sahələrinə, eləcə də ekoloji cəhətdən daha təmiz olan yaşıl enerji zonalarına investisiya cəlbediciliyi ən yüksək səviyyəyə çatıb.

“Prezident İlham Əliyevin rəhbərliyi dövrünü ölkəmiz üçün əlamətdar edən digər mühüm məqam isə Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrilməsi və beynəlxalq aləmdə nüfuzunun, rolunun güclənməsi təşkil edir. Ölkəmizin 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın güclənməsi, qardaş Türkiyə başda olmaqla dost dövlətlərlə etibarlı dostluq münasibətlərinin möhkəmləndirilməsi, 20 il ərzində Azərbaycanın saysız-hesabsız beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir. Yaxın günlərdə bu uğurlara daha bir böyük uğur əlavə olunmuş, Azərbaycana, onun liderinə olan böyük etimadın və hörmətin növbəti təzahürü kimi dünya dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul edib.

Pandemiya ilə mübarizə dövründə Prezidentin sərgilədiyi siyasət isə onun yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən lider kimi ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya göstərib. Pandemiya ilə mübarizənin ilk günlərindən dövlətimizin başçısı bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxıb. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilib”, - deyə Ziyafət Əsgərov qeyd edib.

Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycan xalqı və dövləti qarşısında bütün xidmətlərini sadalamaqla bitirmək mümkün olmadığını vurğulayan komitə sədri bildirib ki, mədəniyyət sahəsində, elm-təhsil, səhiyyə, idman sahəsində qazanılmış uğurlar, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Avroviziya Mahnı Müsabiqəsinə, yüzlərlə digər elmi, mədəni, idman sahəsində beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyi etməyimiz, 2013-cü ildə ilk süni peykimizi orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilməyimiz, bütün bunlar dövlətimizin başçısının məqsədyönlü xidmətlərinin nəticəsidir.

Dövlətimizin başçısının Azərbaycan dövləti qarşısında ən böyük, əvəzedilməz və misilsiz xidmətinin ərazi bütövlüyümüzün tam bərpa olunması olduğunu vurğulayan Z.Əsgərov qeyd edib ki, Azərbaycan lideri 30 illik düşmən işğalına son qoyaraq torpaqlarımızı erməni işğalçılarından azad edib, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi tam bərpa edilməsinə nail olub. İlk dəfə prezident seçildiyi dövrdən başlayaraq Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələ, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Bunun üçün beynəlxalq nüfuza, uğurlu diplomatik əlaqələrə, güclü iqtisadiyyata, qüdrətli orduya malik olmaq çox vacib idi ki, İlham Əliyev bunların hamısını reallığa çevirərək 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atıb.

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Proqramın sürətlə, ən yüksək keyfiyyətlə birbaşa Prezidentimizin nəzarəti altında həyata keçirilməsinin nəticəsidir ki, qısa vaxt keçməsinə baxmayaraq artıq Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, yeni-yeni tunel və yollar, su elektrik stansiyalarının və onlarla digər infrastruktur obyektlərinin açılışı baş tutmuş, məcburi köçkünlərimizin öz doğma torpaqlarına köçürülməsinə başlanılıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz Qələbə yalnız ölkəmiz üçün deyil, bütün region üçün sülh və davamlı inkişaf imkanı qazandırıb.

Hazırda Azərbaycan tarixinin ən qüdrətli, sabit və güvənli dövrünü yaşayır. İyirmi il ərzində müəyyən olunmuş bütün vəzifələri icra etməklə, bütün hədəfləri reallaşdırmaqla Prezident İlham Əliyev dövlətin və xalqın əsl Lideri olduğunu sübut edib.