Sərdar Cəlaloğlunun şəhid olan qardaşı oğlu Naxçıvanda dəfn edilib- FOTO

Sərdar Cəlaloğlunun şəhid olan qardaşı oğlu Naxçıvanda dəfn edilib- FOTO

5 Aprel 2016 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov aprelin 3-də cəbhədə atəşkəsin pozulması nəticəsində şəhid olub. ADP sədrindən aldığımız məlumata görə, bu gün günorta saatlarında şəhid R.Məmmədov Naxçıvanda torpağa tapşırılıb.

Ailə üzvünü şəhid verməsi ilə bağlı musavat.com-a danışan Sərdar Cəlaloğlu qardaşı oğlu haqqında məlumat verib: "O, 39 yaşında idi. Hərbi rütbəsi də mayor idi. Tabeliyində 500 nəfərə yaxın əsgəri var idi. Hərbi Akademiyanı bitirmişdi. Atası Əbdül Məmmədov da I qrup Qarabağ müharibəsi əlilidir, vaxtilə Qarabağda vuruşub, yaralanmışdı. Onun iki uşağı - bir qızı, bir oğlu var".

ADP sədri vətən uğrunda şəhid olanlarla fəxr etdiklərini dedi: "Biz verdiyimiz şəhidlərlə qürur duyuruq, fəxr edirik. Hazırda bizim ailəmizdən 3 zabit, bir əsgər ön cəbhədə vuruşur. Verdiyimiz bu qanın əvəzində bir qarış torpağımız qayıdacaqsa, bu, bizim üçün kifayətdir".

Şəhidin atası, I qrup Qarabağ müharibəsi əlili Əbdül Məmmədov isə musavat.com-a bildirdi ki, o, oğlunu ya şəhid, ya da qazi olmaq üçün böyüdüb: "Oğulu onun üçün böyüdürsən ki, ya şəhid olsun, ya qazi... Qız uşağı deyil ki, saxlayıb, böyüdüb, ərə verəsən. Mən özüm də 1992-ci ildə müharibədə yaralanmışam və 23 ildir ki, yataqdayam. Oğlum da mənim yolumu davam etdirmək istədi və hərbiyə getdi. Mayor idi. Vətən üçün əlindən gələni etdi və sonda şəhid oldu. Dəfndə də hərbçilər iştirak etdi. Bütün protokollara uyğun olaraq, oğlum şəhid kimi dəfn edildi".

Oğlunu şəhid verdiyi bu savaşdan Əbdül Məmmədovun gözləntisi qələbədir: "Döyüşlər bu cür davam etsə, yəqin ki, qələbə qazanacağıq. Ən azından heç olmasa, 5 rayonumuzu alaq. Sadəcə, dövlət başçımızın əmri ilə həlledici bir həmlə lazımdır. Bu da yəqin ki, olacaq".

Mediainfo.az