Ağ Ev Cenevrə razılaşmasının tam mətnini açıqlayıb

Ağ Ev Cenevrə razılaşmasının tam mətnini açıqlayıb

17 Yanvar 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ağ Ev ötən il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında əldə olunmuş və bu il yanvarın 20-də icraya yönələcək nüvə razılaşmasının tam mətnini açıqlayıb.

İran mətbuatının verdiyi məlumata görə, saziş və ya "yol xəritəsi" adlandırılan sənəd 30 səhifədən ibarətdir. Belə ki, saziş İrandan 20% həcmində zənginləşdirilmiş uran ehtiyatının yarısı da daxil olmaqla, nüvə maddələrini 5%-dən az oksidləşdirməsini istəyir: "Eyni zamanda bu ölkə 6 ay ərzində uranın 5%-dən çox zənginləşdirilməməsi barədə öhdəlik götürüb. Bundan əlavə, İran uranın 20% həcmində zənginləşdirilməsini təxirə salacaq. Rəsmi Tehran həmçinin Ərak ağır su nüvə reaktorunun fəaliyyətini genişləndirməyəcək, yəni ona yeni reaktor və ya hazırkı reaktora ağır su əlavə etməyəcək. İran yeni nüvə obyektinin inşasının dayandırılacağı ilə bağlı da öhdəlik götürüb. Bundan əlavə, "Nətənz"dəki sentrifuqaların yarısı, "Fordo"da sentrifuqaların ¾-ü, həmçinin yeni nəsil sentrifuqaların hamısı uranın zənginləşdirilməsini həyata keçirməyəcək".

Sazişə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri, beynəlxalq nümayəndələr İranın öz üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməyə məsuliyyət daşıyırlar: "Eyni zamanda dünya qüdrətləri İrana qarşı tətbiq edilmiş sanksiyaların bir hissəsini aradan qaldıracaqlar. İranın xarici banklarda dondurulmuş 100 milyard dollarlıq mal varlığının 6-7 milyard dəyərindəki məbləği kömək məqsədilə bu ölkəyə geri veriləcək. Bu əmlakın hamısı İrana yalnız yekun razılaşmanın əldə olunmasından sonra verilə bilər. İrana qarşı tətbiq edilmiş sanksiyaların böyük hissəsi də bu zaman ərzində öz qüvvəsində qalacaq. Eyni zamanda İran dondurulmuş mal varlığından 4,2 milyard dollarını da ala bilər. Pullar İrana 6 ay ərzində 8 dəfəyə ödəniləcək və bu da AEBA müfəttişlərinin təsdiqləməsindən sonra mümkün olacaq.

Yəni İrana aylıq 450-550 milyon dollar arasında pul ödəniləcək. Bu pullar 1 fevral (550 milyon dollar), 1 mart (450 milyon dollar), 7 mart (550 milyon dollar), 10 aprel (550 milyon dollar), 15 aprel (450 milyon dollar), 14 may (550 milyon dollar), 17 iyun (550 milyon dollar) və 20 iyul (550 milyon dollar) tarixlərində ödəniləcək".

Apa