Arif Yunus azadlığa, Leyla Yunus həbsxanaya göndərildi - FOTO

Arif Yunus azadlığa, Leyla Yunus həbsxanaya göndərildi - FOTO

13 Noyabr 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmə politoloq barədə gözlənilməz qərar çıxardı; Leyla Yunus da azad ediləcəkmi? Arif Yunus: "Susan deyiləm..."

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunusun növbəti məhkəmələri olub. Prosesin sonu gözlənilməz qərarla yadda qalıb. Belə ki, heç kəsin gözləmədiyi halda məhkəmə A.Yunusun azadlığa buraxılması barədə qərar çıxarıb. Politoloq ölkəni tərk etməmək şərti ilə məhkəmə zalından azad edilib.

Xatırladaq ki, oktyabrın 30-da A.Yunusun səhhəti kəskin şəkildə pisləşmişdi. Nəticədə o, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdü. Lakin onun vəziyyəti getdikcə ağırlaşmış, noyabrın 6-dan etibarən A.Yunus dərman qəbul etməkdən imtina etmişdi. Məhz buna görə MTN və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi onun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək, məhkəmədən onun məsələsinə baxılmasını xahiş eləmişdi. Hakim də bu xahişə uyğun olaraq, belə bir qərar çıxarıb.

Qərardan sonra A.Yunus məhkəmə binası önünə toplaşan jurnalistlərin suallarını cavablandırıb. O, barəsində çıxarılan qərara belə reaksiya verib: "Noyabrın 6-dan başlayaraq aclıq elan etdim. Almaniyadan gətirilmiş xüsusi dərmanlar qəbul edirdim. Hazırda əsas tələbim odur ki, həyat yoldaşıma qarşı işgəncələrə son qoyulsun. Hər gün ona əziyyət verir, döyür, incidirlər. O, yaşlı qadındır. Dekabrın 21-də 60 yaşı tamam olacaq. Son illərdə onun üzərində 6 dəfə əməliyyat aparılıb. İndiki durumu onun gözlərinə təsir edir. Leyla xanım ən yaxşı xəstəxanada müalicə olunsa belə, ən azı üç il ərzində vəziyyəti ağır olacaq. O, kor da ola bilər. Aclıq etməkdə tələbim o idi ki, Leyla xanım azadlığa buraxılsın. Onun vəziyyəti məndən dəfələrlə pisdir. Azərbaycanda tez-tez milli dəyərlərdən danışırlar. Burada söhbət yaşlı xəstə qadının həbsdə saxlanılmasından gedir. O, mütləq azad edilməlidir. Mənim bir silahım var, o da dilimdir. Susan deyiləm".

A.Yunus həyat yoldaşının onun barəsində çıxan qərara necə münasibət göstərməsi barədə də danışıb:"Məhkəmə zalına gətirildiyimiz ilk dəqiqədən Leyla xanım ağlayırdı. O, azadlığa buraxılacağına inanmır. Onu aldadıb qadın koloniyasına aparmaq istəyirlər. Orada vəziyyət həddindən artıq pisdir. Leyla xanım isə ağır xəstədir. Onu koloniyaya göndərməklə, əslinə qalsa, ölümə göndərirlər. Belə vəziyyətdə susa bilmərəm. Aclığa başlayanda demişdim ki, onunla 37 ildir birlikdə yaşayırıq, onu satan deyiləm. Onu da demişdim ki, kolona məni göndərsinlər, amma onu azad etsinlər. Biz azərbaycanlıyıqsa, qadınlara hörmət etməliyik".

A.Yunusun vəkili Elçin Sadıqov qərarın onlar üçün gözlənilməz olduğunu söylədi: "Bu qərar bizim üçün gözlənilməz oldu. Bu qərarın verilməsi çox vacib idi. İkisi barədə də bu qərar verilməli idi. Hər ikisi barəsində vəsatət qaldırmışdıq ki, həbs-qətimkan tədbiri dəyişdirilsin. Amma məhkəmə bildirdi ki, yalnız Arif Yunusla bağlı Ədliyyə Nazirliyinin aidiyyəti orqanı müraciət edib. Bu qərarı ədalətsiz hesab edirik. Belə bir qərarın Leyla Yunus barəsində də verilməsini gözləyirik. Qeyd edim ki, bu, sadəcə, həbs-qətimkan tədbirinin dəyişdirilməsidir. Ümid edirik ki, onlar barəsində çıxarılmış hökm də gələcəkdə ləğv olunacaq, bəraət veriləcək. Növbəti məhkəmə prosesi dekabrın 7-si saat 15:00-a təyin olundu. Leyla xanımla bağlı qərarı gələcək göstərəcək. Apelyasiya şikayəti ilə bağlı ilkin baxış iclası noyabrın 5-də keçirilmişdi. İndi bu prosesin belə uzun müddətə təxirə salınmasını ədalətli hesab etmirik. Leyla xanım həyat yoldaşının azadlığa çıxmasına çox sevinirdi. Arif Yunus bir müddət içəridən çıxmaq istəmirdi. Deyirdi ki, həyat yoldaşım burada qala-qala mən azadlığa çıxa bilmərəm. Təbii ki, ona qaydalar izah olundu. Nəzarətçilər bir müddətdən sonra onu razı sala bildilər".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu qərarı əvvəlcədən gözlədiklərini qeyd etdi: "Arif Yunus xəstə idi. Onun məsələsini qaldırmışdıq. Ciddi məşğul olurdular. Daxili işlər naziri ilə görüşəndə də bu məsələni qaldırmışdıq. Üzümüzə gələn ayyarımda məhbusların hamısı azadlığa çıxacaq. Hər şeyi gözləyək, sonu yaxşı olacaq. Bundan sonra inanıram ki, Azərbaycana qarşı xaricdən təzyiqlər olmayacaq. Bu qərar hakimiyyətin iradəsi ilə verildi. Məhbusların hamısının azadlığa çıxmalarının şahidi olacağıq. Hökumətimizin güclü iradəsi buna imkan verəcək. Yeni ildə olacaq əfvlə çox məhbus azad olunacaq".

Ölkə müxalifətinin də gözlənilməz məhkəmə qərarına münasibətlərini öyrəndik. Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətin artıq bəzi məsələlərdə güzəştə getdiyini bildirdi: "Cərəyan edən hadisələr artıq bəzi pəncərələri açır. Hakimiyyət də bəzi məsələlərdə güzəştə getməyə məcbur olur. Amma təzyiqin bu qərara təsir etdiyini düşünmürəm. Çünki Arif Yunus həbs edilən vaxt təzyiqlər indikindən güclü idi. Hesab edirəm ki, məhbusların azad edilməsi prosesi davam edəcək. Məhkəmə və digər yollarla onların bəziləri azad ediləcəklər".

KXCP sədri Mirmahmud Mirəlioğlu qərarın gözlənilən olduğunu qeyd etdi: "Kütləvi şəkildə məhbusların hamısı azadlığa çıxmalıdır. Bu qərarın seçkilərdən sonra verilməsi təsadüf deyil, bir reallıqdır. Planlaşdırmada bunlar var idi. Bu işdə kimin əməyi varsa, hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan bir həftə əvvəl isə həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib. Leyla və Arif Yunuslar 2015-çi il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb. Beynəlxalq "Amnesty İnternational" təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Mediainfo.az