“Coca-Cola” və “Pepsi-Cola”-da spirt aşkar edildi

“Coca-Cola” və “Pepsi-Cola”-da spirt aşkar edildi

28 İyun 2012 15:50
Bəyəndim (0) Bəyənmədim (0)
“Cola” markalı 19 çeşid içəcək məhsulun tərkibində aparılan araşdırmalar dəhşətli faktları üzə çıxardı

Fransa Milli İstehlakçılar Cəmiyyətinin araşdırmalarına görə, "Cola" markalı 19 çeşid içəcək məhsulun 1 litrində 100 qramdan artıq şəkər aşkar edilib. Məlum olub ki, "Light" markalı "Cola"larda şəkər və digər dadlandırıcı maddələr sağlamlıq üçün daha təhlükəlidir. Bundan başqa, hər bir "Cola" məhsulunda az da olsa, spirt aşkar edilib. Araşdırmadan o da məlum olub ki, "Cola"-nın tərkibindəki izafi şəkər miqdarı kökəlməyə şərait yaradır.

Bu günlərdə "60 Millons de consommateurs" (60 Milyon İstehlakçı) adlı jurnal Fransa Milli İstehlakçılar Cəmiyyətinin (INC) kolalı içkilər üzərində apardığı araşdırmaların nəticələrini işıqlandırıb. Nəticələr birmənalı şəkildə təəccüb doğurub. Belə ki, 19 çeşid "Cola" markalı içkidə (Coca-Cola, Pepsi-Cola, Auchan, Cora, Casino, Leader Price, Man U-Cola, və sair) izafi miqdarda şəkər, dadlandırıcı, qatqı maddələri, kofein və spirt aşkar edilib. Bu məhsulların çoxunda litrə başına 100 qramdan çox şəkər maddəsi müəyyən edilib. Bu rəqəm "Coca-Cola"da 95 qr-dan, "Pepsi-Cola"da isə 90 qr-dan çoxdur. "Light" markalı kolada isə dadlandırıcı maddələrin orqanizm üçün təhlükəli dərəcədə çox olduğu müəyyən edilib. Odur ki, Fransa Milli İstehlak Cəmiyyəti həmin maddələrin piylənməyə, mədə-bağırsaq, ürək-damar və şəkərli diabet xəstəliklərinə yol açdığını nəzərə alaraq, istehlakçıları diqqətli olmağa səsləyib.

Elm adamları adıçəkilən içkilərin tərkibində gözlənilmədən darçın, kokos və digər sitrus bitkilərinin də varlığını aşkar ediblər. Son zamanlar allergiya hallarının artdığını xatırladan alimlər bunun bir səbəbinin də "Cola" markalı içkilər olduğunu bildiriblər. Bundan başqa, ABŞ-ın Kaliforniya ştatında kanserogen maddə kimi qəbul edilən fosfor turşusu və ya karamel E150D adlı qida rəngləndirilməsində istifadə olunan ammonium sulfat da "Cola"larda aşkar edilib.

Ən sarsıdıcı nəticə isə odur ki, "Cola" markalı içkilərdə kiçik miqdarda spirt müəyyən edilib. Coca-Cola, Pepsi-Cola, Coca-Cola Light Coke ve Coke Zero daxil olmaqla 10 içkidə spirt tapılıb. Doğrudur, ən aşağı faizli alkoqollu içkilərdə 1 litrdə 1.2 qr spirt olduğu halda, "Cola"larda bu rəqəm 0.001 qramdır. Deməli, 1 litr sərinləşdirici içkidə 10 mq spirt var. Maraqlıdır ki, "Coca-Cola"-nın Fransa təmsilçiliyinin rəhbəri Mişel Pepin "gizli formul"un hazırlanmasında spirtdən istifadə oluna biləcəyini istisna etmir. "Pepsi-Cola" adına danışan fransalı rəsmi nümayəndə isə "Cola"larda spirtin olduğunu bildirdiyi halda, bunun Pepsi-də olmadığını vurğulayıb.

Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Odur ki, diqqətli olun, əziz müsəlmanlar. Unutmayın ki, şeytan bizim süfrəmizə qədər gəlib çatıb. Mömin olmayan insanlar da diqqətli olsalar, yaxşıdır. Çünki haram kəlməsinin mənası "qadağan olunan", yəni zərərli deməkdir!

Mərdan Qaraisayev

O.M.