Nazirlik əmək qanunvericiliyinə dəyişikliklər edilməsi üçün təkliflər paketi hazırlayıb
Təhsil Nazirliyi Azərbaycanda əmək qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.
Apa-nın xəbərinə görə, Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib ki, hazırda əmək bazarında bir çox peşələr üzrə işlədikdə təhsil sənədi tələb olunmur.
Hər bir peşənin özünün öyrənilmə tələbinin olduğunu deyən şöbə müdiri qeyd edib ki, dünya əmək bazarında sadə hesab edilən bir çox peşələr (xidmət sektorundan tutmuş sənaye sahəsinədək) üzrə işləyənlərdən müvafiq təhsil sənədi tələb olunur: "Bu, keyfiyyətin bir zəmanəti kimi qəbul olunur. Ancaq biz bu gün öz qanunvericiliyimizi təhlil edəndə görürük ki, müəyyən peşələr üzrə sadəcə orta təhsil alma tələb olunur. Müvafiq, spesifik hazırlıq isə tələb olunmur".
Nazirlik rəsmisi bu gün insanların müəyyən iaşə obyektlərində göstərilən xidmət səviyyəsindən razı qalmadığını da deyib. Onun fikrincə, bu, işəgötürənlərin işə götürdüyü işçinin hansı təhsil alması ilə maraqlanmamasından irəli gəlir: "Artıq bu, bir tələb kimi qoyulmalıdır ki, işçi götürülərkən onun müvafiq hazırlığı olmalıdır. Qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq işçi hazırlıq keçməlidir. Bununla bilinməlidir ki, o, hansı bacarıqlara sahibdir. Bu gün peşə təhsili ilə bağlı olan xidmətlərin keyfiyyətinin artırılması zəruridir".



















































.jpg)












































