Ramin Hacılı Ermənistana səfərindən danışıb

Ramin Hacılı Ermənistana səfərindən danışıb

21 Aprel 2014 15:16
Bəyəndim (0) Bəyənmədim (0)
“Tövsiyə edərdim ki, bu istiqamətdə səfərlər haqda dövlətə məlumat verilsin”

Jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham edilərək həbs olunması Ermənistana səfəri ilə əlaqələndirilir. Ehtimal olunur ki, jurnalist bu ilin əvvəlində Rusiyanın hansısa fondunun təşkil etdiyi konfransda iştirak edib.

Mirqədirov Türkiyədən bir heyətlə Gürcüstan üzərindən İrəvana gedib. Onunla səfərdə AKP-yə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb.

Ehtimal edilir ki, siyasi icmalçının ittihamında bu səfərin "payı" var. Ancaq Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı deyib ki, onun səfəri Azərbaycan və Türkiyə dövlətlərinin məlumatlandırılması daxilində baş tutub.

Ümumiyyətlə, Ermənistana səfər etmək vətənə xəyanət kimi qiymətləndirilə bilərmi? Bu səfərlər necə baş tutur, azərbaycanlıların mühafizəsi hansı səviyyədə təşkil olunur?

Bu barədə Ermənistana yaxın keçmişdə səfər etmiş Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı danışdı. R.Hacılı "Yeni Müsavat"a bildirdi ki, Ermənistana səfər etmək proqram çərçivəsində həyata keçirilir: "Hər iki tərəf başa düşür ki, gizli məqamlara yer qalmamalıdır, səfər şəffaf şəkildə olmalıdır. Çünki gizli məqam sonradan növbəti problemlər yarada bilər.

Mən getməzdən əvvəl Azərbaycanın rəsmi qurumların xəbərdarlıq göndərdim. Heç bir problemlə qarşılaşmadan Ermənistana getdim və qayıtdım. Səfərin bütün məlumatları mediada çıxdı, sosial şəbəkələrdə ictimailəşdirdim".

R.Hacılının sözlərinə görə, Bakıya qayıdandan sonra onu sorğu-suala tutmayıblar: "Görünür, hər hansı şübhəli məqam olmayıb ki, məni sorğu-sual etsinlər. Mən gözləmirəm ki, Azərbaycanda dövlət səviyyəsində səfərimə görə təzyiqlər olsun.

Çünki Avropa Birliyinin proqramı çərçivəsində getmişdim. Əgər təzyiq olarsa, Azərbaycan dövlətinin sülh tərəfdarı olması imici zədələnə bilər. Ona görə mənimlə ehtiyatlı davrandılar, heç bir quruma dəvət etmədilər, xüsusi xidmət orqanları əməkdaşları tərəfindən dindirilmə olmadı".

Hərəkat rəhbəri deyir ki, Ermənistana çatanda bu ölkənin Avropa Hərəkatı üzvləri ilə ünsiyyətdə olublar: "Bizi Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları müşayiət edirdi. Onlarla heç bir təmasımız olmadı. Sadəcə hara gedirdiksə, təhlükəsizliyi təmin etmək üçün müşayiət edirdilər. Restoranda, oteldə, tədbirlərdə nəzarət var idi".

R.Mirqədirovun Ermənistana səfərlərinə görə həbs edilməsinə toxunan müsahibimiz bildirdi ki, hər şey şəffafdırsa problem olmamalıdır: "Mən inanmıram ki, Mirqədirovun səfərləri haqda məlumat mediada varsa, onu həbs etsinlər. Açığı, onun Ermənistana səfərləri barədə məlumatlar rastıma çıxmayıb. Ola bilər ki, Azərbaycan dövləti üçün şübhəli məqamlar var, onu sorğu-sual etsinlər.

Amma vətəndaş diplomatiyası, xalq diplomatiyası proqramlarına görə səfərlər edibsə və bu səfərdən hər iki dövlətin xəbəri varsa, burda həbsdən söhbət gedə bilməz. Tövsiyə edərdim ki, bu istiqamətdə səfərlər haqda dövlətə məlumat verilsin".

Son məlumata görə, R. Mirqədirovun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.

Mediainfo.az