EŞQİN HİCRAN ƏZABI

EŞQİN HİCRAN ƏZABI

12 İyun 2014 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Göylər ulduzların gərdiş yeridir,

Ürək məhəbbətin vərdiş yeridir.

Yoxdur bu dünya bir gül tikansız,

Məhəbbət sevinci olmaz fəqansız.

Ağıl yola getmir məhəbbət ilə,

Çünki salır sirri ağıza, dilə.

Eşq aləmində ağıl deyil, qəlb hökmranlıq edir. Qəlbdə olsaydı hicran əzabı da heç olardı. Fəqət, sevən qəlbdə səbir olmadığından, hicran da dözülməz olur.

(055) –79-92 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Sizin məsləhətinizə çox ehtiyacım var. Mən nişanlıyam, onu sevirəm, o da məni. Amma ondan diqqət, qayğı, güvənc görmürəm. Biz gecələr telefonda danışanda o yatıb qalır. Tezdən işə getdiyinə görə çox gecəyə qalmır. Mən buna görə də səbirsizlənirəm, hirslənirəm ona. Neyləyim ki, o mənə qarşı diqqətli olsun?

İsa Rəvan:

Sevgi varsa diqqət və qayğı da olmalıdır. Diqqət və qayğısız sevgi ətirsiz gülə bənzəyir. Özü var, ətri yoxdur. Təbii ki, hər bir sevgi qayğı görəndə o daha da xoş anlar yaşayaraq vüsət alır. Ələlxüsus da xanıma qarşı nəvaziş təqdirəlayiqdir.

Siz artıq nişanlanmısınız. Demək, sevərək, bir-birinizi tanıyaraq könül vermisiniz. Əgər onun sizə qarşı kobudluğu, biganəliyi yoxdursa, narahat olmağa dəyməz. Bilirsiniz ki, o işləyir və hər gün səhər işə gedir. Siz onun da rejimini düşünün. Hər gün gecəyarıya qədər sizinlə danışarsa səhər işə necə gedəcək? Sevmək və qayğı göstərməmək təkcə sözlə həll olunmayır, o, əməllə də sübut olunmalıdır. İşsiz və ac qalanda ən güclü sevgi belə ac bədəni qidalandırmayacaq. Sevgi ilə yanaşı gündəlik maddi tələbatın da ödənilməsi lazımdır. Bu o demək deyil ki, nişanlınız sizi sevmir və sizə qarşı laqeyddir. Sadəcə olaraq problemlər qaçılmazdır. Və yaşamaq naminə lazım olan həyat öhdəlikləri də vardır. Əlbəttə, nişanlınızla danışmaq, görüşərək gəzintiyə çıxıb bir yerdə xoş anlar yaşamaq haqqınız vardır. Bu, nişanlı dövrünün zəruri ehtiyacıdır. Bütün bunları onun iş vaxtı qurtarandan sonra edə bilərsiniz. Gün ərzində isə gecə müəyyən vaxta qədər istənilən qədər telefon danışıqlarınız problem deyil. Sizə səbir və xoşbəxtlik arzulayıram.

(070) –06-46 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır:

Salam, hörmətli İsa Rəvan. Bir neçə dəfə sizdən məsləhət almışam və düzgün nəticə çıxardıb xeyrini də görmüşəm. Çox sağ olun ki, bizlərə bu cür dəstək olursunuz. Mənim yenə də sizin dəyərli məsləhətinizə ehtiyacım var. Mən ailəli olub ayrılmışam, övladım yoxdur. Valideynlərim rayonda qalır, mən isə Bakıda dükanların birində satıcı işləyirdim. Kirayə tutduğum evdə tək yaşayıb özüm-özümü dolandırırdım. Dükana gələn bir oğlan mənimlə maraqlandığına görə tez-tez gəlib-gedirdi. Sonradan fikrini mənə bildirdi, subay olduğunu mənimlə evlənəcəyini dedi. Xoşuma gəldiyindən mən də razılaşdım. Sonra da məni işdən çıxartdı. Həmin vaxtdan mən onunla heç bir nikah olmadan kirayə tutduğu evdə yaşayıram. Əvvəl hər şey yaxşı olsa da, sonradan heç də belə olmadı. Özü gah işləyir, gah işləmir. Hər gün problemlər yaşayırıq. Mən də işləmədiyimə görə bir növ ev dustağı olmuşam, imkanım olmadığına görə heç yerə gedə bilmirəm. Çünki marşruta verməyə belə pulum yoxdur. Deyirəm bəs ailə quracaqdıq? Deyir elə ailəyik də. Mənim heç kəsim yoxdur, sonadək səninləyəm. Ancaq nə nikaha girir, nə də uşaq olmağa razı deyil.

Çox kobudluqlarına dözdüm, axırıncı dəfə küçələrdə də qalmalı olsam belə evdən çıxmaq istədim. Qoymadı ki, bu dəfə də mənə şans ver. Mən də pulsuz və işsiz olduğuma görə razılaşdım. Sizcə mən nə etməliyəm, bunun sonu necə olacaq? Xahiş edirəm mənə bir yol göstərin.

İsa Rəvan: Hisslər itəndə sevgi də azalır. Sizdə isə heç bu sevgi də olmayıb. Sizin birgə olmağınız ailə həyatı deyil, ehtiras əlaqəsidir. Sevgi dərin və güclü olan səmimi bağlılıqdır .Ehtiras isə çox həssas bir arzudur. Ehtiraslı əlaqədə hər iki tərəf öz istəyini üstün tutur. Burada fundamental eqoizm yer alır. Tərəflər bir-birindən doyandan sonra ehtiras da tükənir və tərəflərin bir-birinə marağı qalmır.

İnsan özü-özünə etdiyini heç kim kənardan etmir. Siz ailə həyatı qurub ayrılmış bir xanımsınız. Bu sizin üçün həyatda ikinci dəfə ailə həyatı qurmağa böyük bir təcrübə olmalı idi. Boşanandan sonra tək qalsanız da, işləyib özünüzü dolandırır, kimsədən asılı vəziyyətdə deyildiniz. Və işə gedib-gələrək cəmiyyət içində olurdunuz. O oğlan sizə fikrini deməklə siz də razılaşdınız? Tanımasan, bilmədən ailə həyatı qururam deyə elə hər kəsin yanına düşüb getmək olarmı? Ailə qurmaq asandır, əsas ona qayğı göstərərək qoruyub saxlamaq lazımdır. Birincisi sizin yaşadığınız kimi ailə həyatı olmur. Bu qədər müddət ərzində aranızda heç bir nikah yoxdursa onda hansı ailə həyatınızdan danışmaq olar?! Sizə qarşı kobud olmağıyla yanaşı hər gün problem içində yaşadır. Nə sizinlə, nə də dolanışığınızla maraqlanır. Bir manat pulunuz yoxdur ki, yolpulu verib harasa gedəsiniz. Ev dustağı olaraq ondan asılı vəziyyətə düşmüsünüz. Belə vəziyyət çox davam edərsə siz mənfi enerji ilə yüklənib daim daxili gərginlik içində yaşayacaqsınız. Özünüz tək qalıb işləyəndə kimsədən asılı olmadan istədiyinizi də alıb yeyirdiniz. Burada isə günlərlə ac qalırsınız.

Digər tərəfdən o subay oğlan, siz isə boşanmış xanımsınız. Siz əminsiniz ki, onun heç kimi yoxdur və sonadək sizinlə birgə olacaq? Nikahınız olmaya-olmaya, bu cür problemlər yaşaya-yaşaya hələ bir uşaq da istəyirsiniz. Görürsünüz ki, o nə nikaha girir, nə də ki, uşaq istəyir. Deməli, fikri ciddi deyil. Özünüz ölüm-qalım içində tərəddüd edirsiniz, uşağı necə saxlayacaqsınız? Dünyaya gələcək uşağın taleyi sual altındadırsa bəs onun günahı nədir. Valideyn olmaq, ailə başçısı olmaq məsuliyyət daşıyır. Bu məsuliyyət isə "yoldaşınızda" yoxdur. İndi tək özünüz ağır durumda qalmısınız, sabah uşaqla nə edəcəksiniz. O sizi uşaqla birlikdə tərk edib gedərsə necə olacaq? Nikahınız olmadan uşaqla rayona, doğmalarınızın yanına necə gedə biləcəksiniz. İşiniz və qalmağa yeriniz olmadığından uşaqla küçələrdəmi qalacaqsınız? Siz ikinci dəfə ailə həyatına adım atarkən də seçiminizdə və qərarınızda yanılmısınız. Bununla belə yenə də düşünürsünüz ki, necə olacaq. Deyək ki, indi axırıncı dəfə şans vermisiniz.

Eybi yox, gözləyin. Doğrudan da sizinlə rəsmi nikaha girib bir ailəsi kimi qayğı göstərərsə, onda əzablara sinə gərərək problemləri birgə həll edib aradan qaldırmağa dəyər. Ancaq bu heç cür inandırıcı görünmür. Yenə də birgə həyatınız əvvəlki kimi davam edərsə, uzun müddətə gözləməyə də dəyməz. Belə olduqda siz ondan asılı olmadan ixtiyarınız öz əlinizdədir. İstədiyiniz vaxt siz oradan çıxıb heç kimdən asılı və ev dustağı olmadan öz əvvəlki həyatınızı yaşaya bilərsiniz.

Əlaqə üçün telefon nömrəsi: (055) 785-84-83 İsa Rəvan