Bakıda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçirilir

Bakıda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçirilir

18 İyun 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı işə başlayıb.

Apa-nın xəbərinə görə, UNESCO-nun dəstəyi ilə keçirilən üç günlük konfransda Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.

Tədbirdə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, hər il Bakıda ənənəvi olaraq keçirilən konfransın məqsədi qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir. Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılmış islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb. O, dünyada beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq, hələ də bu sahədə müəyyən problemlərin mövcud olduğunu qeyd edib: "Qadın hüquqlarının tam təmin olunmasında hələ də problemlər qalmaqdadır. Qadınlara qarşı məişət zorakılığı, iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir. Konfrans bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılması beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrinə verəcək".

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məlumat verib. O vurğulayıb ki, qadın hüquqlarının qorunması Azərbaycan üçün yeni bir məslə deyil. Ə.Həsənovun sözlərinə görə, Azərbaycan qadınlarının hüquqlarının qorunması üçün ölkədə müvafiq qanunlar qəbul edilib: "Son 10 ildə xanımların müxtəlif strukturlarda yerləşdirilməsi üçün addımlar atılır. Azərbaycanın80-dən artıq rayon və şəhərlərində icra strukturlarında başçıların müavinlərindən biri mütləq şəkildə qadın təyin olunub. Qadınlar dövlət və hökumət strukturlarında təmsil olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi bazanın mövcud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz rolu ilə seçilib və hazırda idarəçilikdə geniş təmsil olunur.

Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, sülhün, təhlükəsizliyin, insanların təhlükəsiz yaşaması üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması əsasdır. Onun sözlərinə görə, Milli Məclis özünün həm tarixi, həm də müstəqilliyi bərpa etdikdən sonrakı fəaliyyəti zamanı insan hüquqlarının qorunması məsələsini gündəlik istiqamətlər kimi ortaya qoyub: "Lakin heç də demək olmaz ki, ölkədə qadın və qızlar onlar üçün müəyyən edilmiş hüquqlardan tam mənasında istifadə edir, təhlükəsiz yaşayırlar. Ən azı onlar öz yaxın ailə üzvlərinin təzyiqlərinə məruz qalmırlar. Hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi Qadınlara və qızlara qarşı məişət zorakılığının aradan qaldırılması istiqamətində qanunun bu istiqamətdə çox böyük əhəmiyyəti var".

Tədbirin davamında UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şərifzadə, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard dünyada qadın hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, konfransda ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində respublikada ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq. İyunun 20-dək davam edəcək konfransın yekununda "Bakı Bəyannaməsi" qəbul ediləcək.

Mediainfo.az