“Həmsədrlər hesabat verməlidirlər”

“Həmsədrlər hesabat verməlidirlər”

27 İyun 2014 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

MM-in bugünkü iclasında Bəxtiyar Əliyev ABŞ səfirliyinin əməkdaşının Leyla Yunusun geri qaytarılması ilə bağlı dediklərinə etiraz edib: "O, dedi ki, bu, "xalq diplomatiyası"na ziyan gətirəcək. Mən bu mövqeyə görə təəssüf edirəm. Suriyadan, Livandan köçən 37 min erməni Qarabağda yerləşdirilib. Bu, "xalq diplomatiyası"dırmı? Hansı ki, qətnamə var ki, Dağlıq Qarabağa heç kəs köçürülə bilməz, bu sənədə əməl edilmir. Nə vaxta qədər Minsk Qrupu həmsədrləri turist kimi səfərlər edəcək, büdcə xərcləri boşuna xərclənəcək? Onlar nəhayət, öz işləri barədə hesabat verməlidir."

Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib. Layihə haqqında İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.

Komitə sədri deyib ki, 15 nömrəli protokol deputatlara təqdim edilib: "Azərbaycan dövləti insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən konvensiyalar ratifikasiya edilib. Qanunvericilik yaradıcı prosesdir".

Layihənin müddəaları ilə bağlı danışan deputat deyib ki, burada yerli məhkəmələrin məsuliyyəti dəfələrlə qeyd olunur. Bildirilir ki, məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz. Protokolda digər məsələ hakimlərin Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. 15 saylı Protokol kifayət qədər vacib sənəddir. Bu sənədin qəbulu göstərir ki, Azərbaycan dövləti bu sahədə irəliyə addım atır.

Deputat Zahid Oruc deyib ki, ötən illər ərzində Azərbaycan insan haqları və azadlıqları ilə bağlı bir xeyli addımlar atıb: "Mən burada beynəlxalq təşkilatların öhdəliyindən danışmaq istəyirəm. Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında viza sisteminin sadələşdirilməsi ilə müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratifikasiya olundu. Mən jurnalistləri bunu araşdırmağı dəvət edirəm. Hansısa bir irəliləyiş varmı? Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşən öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. İstədiklərinə orden verirlər, 5 illik viza ilə təmin edirlər, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar" . Zahid Oruc "xalq diplomatiyası"nın əleyhinə olduğunu bildirib və bu məsələnin qanunvericiliyə salınmasını təklif edib.

Mediainfo.az