Sevənlərin hicranı
Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
(N. Gəncəvi)
Məhəbbət həyatın ayrılmaz olan təbii bir hissəsidir. İnsan sevmirsə yaşaya bilməz. Məhəbbət yoxdursa, həyat da yoxdur. Eşqin adı birdir, ancaq onun aşiqləri çoxdur. Pərvanə odun, balıq suyun, insan da sevdiyinin aşiqidir. Lakin sonda su balığa həyat, od isə pərvanəyə ölüm verir. Pərvanə bilir ki, od onu yandıracaq. Ancaq bununla belə özünü oda atır, təki eşqinə qovuşsun. Bu, eşqin gücü, aşiqin isə sadiqliyidir. İnsan da belədir. Əsl sevgi yaşayan aşiq də hər bir əzaba qatlaşır ki, təki sevgilisinə qovuşsun. Sevgidə həsrət, hicran, intizar olmasaydı sevənlərin vəfadarlığı da bilinməzdi.
Mövzu ilə bağlı keçid alıram sevənlərin sual dolu mesajlarına.
(055) –77-10 nömrəli mobil telefonun sahibi olan xanım yazır: salam, İsa müəllim. Əvvəla sizə çox minnətdaram. Mən nişanlıyam, onu sevirəm. Özüm sərbəstliyi çox sevən biriyəm. İstəmirəm ki, kimsə mənə əmr versin, işimə qarışsın. Qrup yoldaşlarımla Şəkiyə dincəlməyə gedəcəydik, nişanlım məni qoymadı getməyə. Qrup yoldaşlarım gedib gəzdilər. Şəkillərinə baxıb ağlayırdım. Ümumiyyətlə, çox qısqancdır, çox yerə getməyə qoymur. Gəzməyi çox istəyirəm, amma ondan ayrılmaq da istəmirəm. Onunla necə rəftar edim? Necə danışım ki, nə şiş yansın nə də kabab?
İsa Rəvan:
Qısqanclıq məhəbbətin anasıdır deyiblər. Elə bir sevgi yoxdur ki, orada qısqanclıq hissi də yaşanmasın. Qısqanclıq o sevgini kiminləsə bölüşməkdir. Qısqanclığın sevgidə olmaması budur ki, sanki bədən ağrıyır, ancaq heç bir hissiyyat yoxdur. Lakin bu da öz qədərində olmalıdır. Dəyərdən artıq olan hər şey düzgün sayılmır. Patoloji dərəcədə olan qısqanclıq həmin sevginin məhvinə də səbəb ola bilər. Bu dərəcədə qısqanclıq qəlbiqaralıqdan irəli gələrək hər bir düzə əyri baxmaq kimidir. Bu da ilk növbədə qarşındakı insana inamsız yanaşmaqla ona etibarın yoxdur deməkdir. Sevgidə isə ilk növbədə inam və etibar olmalıdır. Bundan əlavə, sevgi ilə yanaşı qarşılıqlı hörmət mütləqdir. Bunlar hamısı bir-birini tamamlamalıdır.
Tələbəlik illəri gənclik dövrünün ən yaddaqalan günləridir. Çünki tələbə olaraq neçə illəri bir yerdə olduğundan artıq hamı bir-birinə doğmalaşaraq sevinci də, dərdi də bir yerdə bölüşürlər. Qrup formasında bir yerdə harasa gəzintiyə getmək əksər tələbələrdə var. Və bu, mehribançılıqdan irəli gələrək yaxşı bir haldır. Nişanlınız bunları nəzərə alaraq yaxşı olardı ki, özü də sizinlə gedərdi və sizi kollektivdən ayırmazdı. Çünki o, sizin nişanlınız olduğundan qrup yoldaşlarınıza da yad adam sayılmayır. İndi müasir dövrdür və cəmiyyətimiz qapalı şəraitdə yaşamayır ki, nişanlılara hər şey qadağan olunsun. Nişanlınız sizə hər hansı bir yerə getməyə icazə vermirsə, heç olmasa özü sizi tez-tez şəhərə gəzintiyə çıxartsın. Axı nişanlı dövrü ən gözəl, ən şirin ömür baharıdır. Və bu təkrarolunmayan ömür anlarıdır. Sonra da bu anlar hər ikinizin xoş xatirəsi tək yaşayacaq. Siz nişanlanana qədər bir-birinizin xasiyyət və davranışına yaxından bələd olmalıydınız. Artıq siz indi nişanlısınız, öz səadətinizə qovuşmusunuz. Bu səadəti qoruyaraq daha da möhkəmləndirin. Digər tərəfdən də, sizin tam sərbəstlik istəməyiniz bəlkə də cütlüyün normal qaydalarına uyğun gəlməyir. Əgər belədirsə özünüzü də bir qədər qınayın. Səadətinizə xələl gəlməsin deyə nişanlınızı da düşünün. Ola bilsin ki, onun həyat təcrübəsi sizinkindən üstündür. Siz çılğınlıq edərək hər şeyə aşkarcasına yanaşırsınız. Həyat isə sərt hadisələrlə doludur. Ona görə də bəzi tərəddüdlü anlarda nişanlınızın dediklərini əmr kimi yox, məsləhət kimi qəbul edin. Odur ki, onunla oturub sakit tərzdə mehribancasına söhbət edərək bütün bunlara aydınlıq gətirin. Bir-birinizə olan o inamı yaşayaraq qarşılıqlı hörməti də itirməyin. Bir-birinizin səhvlərini düzəldərək əvvəlki nöqsanları təkrarlamayın. İncikliyi bir kənara qoyaraq xoş ünsiyyətdə olmağa çalışın. Bir-birinizə güzəşt etməyi bacarın. Axı siz yad deyilsiniz, sabahın bir ailəsisiniz. İndidən gələcək ailə həyatınızın təməlini indidən möhkəmləndirin. Müəyyən inciklikləri də sevginizə qurban edin. Bağışlayın ki, özünüz də bağışlanasınız. Son olaraq oturub öz aranızda bir-birinizi eşidərək dinləyin. Onda nə "şiş yanacaq, nə də kabab." Sizə səadətinizi qoruyub saxlamaqla birgə xoşbəxtlik arzulayıram.
(070) 16-39 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır:
Salam, İsa Rəvan. Yaşadığım uğursuz sevgi taleyi məni də narahat edir. Uzaq qohumumuz olan bir oğlanla bir-birimizi istəyirdik. Lakin valideynlərim buna razılıq vermədilər. Həmin oğlan indi ailəlidir, 1 uşağı da var. O da məni istəyir. Nə etməliyik, bilmirəm... Çünki mən də onu sevirəm. Qovuşmağımız alınmasa da, bu sevgini yaşaya bilmərikmi?
İsa Rəvan: Baş tutmayan sevginin yaddaşda izi qalır. Sadəcə hər yada düşdükcə təəssüf doğuracaq. Lakin elə ilk sevgidir deyə qəlbin hisslərinə boyun əymək də düzgün deyil. Məntiqi olmayan sevgidə ağılla düşünmək lazımdır. Sonu hicran olan sevgini vüsal kimi qəbul etmək ağılsızlıqdır. Nədən özünüzə boş ümidlər verərək həsrət içində sevgi xəyalıyla əzablar yaşayırsınız? Bir yolu ki sonadək gedə bilməyəcəksiniz, o yolu qət etməyə dəyərmi? Sizin dedikləriniz gecikmiş sevginin gecikmiş etirafıdır. O oğlan ailəlidir, yenidən sizi istəməyi absurd görünür. Çünki ailəsini boşayıb sizi alan deyil. Əgər belə idisə elə ilk gündən sizinlə bir olardı. Siz öz xoşbəxtliyinizi başqa bir xanımın bədbəxtliyi üzərində axtarmayın. Siz tam halında sizə məxsus olan sevgidə öz səadətinizi tapa bilərsiniz. İndiki düşüncəniz köhnə sevginin yatmış hisslərini təzədən oyatmaqdır. Köhnə sevgiyə geri qayıtmaq isə uğursuz və hicran dolu yolu təzədən başlamaq deməkdir. O oğlan hisslərini sizinlə aşkara deyil, kənarda gizli halda bölüşəcək. Sonda o yenə öz ailəsinin yanına qayıdacaq. Siz isə qəlbinizin tənhalığında tək qalacaqsınız. Siz hisslərinizi o oğlanla kənarda bölüşməklə ömrünüzü uğursuz sevgiyə qurban vermiş olacaqsınız. Bu görüşlərinizin ömrü də hissləriniz tükənənə qədər
olacaq. Baxın, bu acı qismət özünüzündür. Ancaq unutmayın ki, sonrakı əzablarınız indikindən qat-qat çox olacaq.
İsa Rəvan (055) 785-84-83



















































.jpg)












































